YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir

Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik.

Bu fikirləri Prezident İlham Əliyev respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Bu gün Azərbaycanın dünya miqyasında sürətlə inkişaf edən müasir dövlət olduğunu vurğulayan Prezident bildirib: “Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi”.