YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyev: Bu, Azərbaycan cəmiyyətinin yetkinliyini, öz dövlətinə bağlılığını və inamını ifadə edən çox müsbət bir məqamdır

«Heç bir ölkə texnogen hadisələrdən, təbii fəlakətlərdən, istehsal təyinatlı obyektlərdə baş verə biləcək qəzalardan sığortalanmayıb. Bir neçə gün bundan əvvəl Azərbaycanda da Mingəçevir İstilik Elektrik Stansiyasında qəza baş verdi və respublikanın elektrik enerjisi ilə təchizatında problemlər yaşandı. Ölkə üçün strateji önəm daşıyan elektroenergetika sektorunda belə bir qəzanın baş verməsi, əlbəttə ki, dərin təəssüf doğurur». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyib

A.Vəliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin generasiya güclərinin artırılmasına böyük diqqət göstərilir. Onun sözlərinə görə, son 15 ildə respublikamızda 2500 meqavat gücündə yeni elektrik stansiyalarının tikilməsi bunu bir daha təsdiqləyir. Hazırda Azərbaycan elektrik stansiyalarının gücü 6400 meqavata bərabərdir ki, bu da ölkədaxili istehlakı qarşılamağa, eyni zamanda, müəyyən həcmlərdə elektrik enerjisi ixrac etməyə imkan verir. Bununla belə, respublikanın elektroenergetika təsərrüfatının möhkəmləndirilməsinə güclü siyasi və maddi dəstək verilməsinə baxmayaraq, bu sahədə qəzadan qaçmaq mümkün olmadı.

"Dövlət başçısı məsələ ilə bağlı keçirilən müşavirədə son illərdə böyük həcmlərdə investisiyalar yönəldilən elektroenergetika təsərrüfatında belə bir hadisənin baş verməsini və lokal xarakterli qəza nəticəsində ölkənin qaranlığa qərq olmasını kəskin şəkildə pisləyib, aidiyyəti məmurların ünvanına iradlarını bildirib. Prezident İlham Əliyev müşavirədə bir sıra ciddi mesajlar verərək bildirib ki, Mingəçevirdəki İES-də baş verən qəza belə genişmiqyaslı fəsadlarla nəticələnməməli idi" - deyən millət vəkili əlavə edib ki, müşavirədə də qeyd edildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin, daxili işlər orqanlarının, Bakı Nəqliyyat Agentliyinin və digər dövlət qurumlarının əlaqəli fəaliyyəti nəticəsində kritik vəziyyəti qısa müddətdə aradan qaldırmaq mümkün olub. Hazırda ölkə üzrə istehlakçılara tələb olunan həcmlərdə elektrik enerjisi verilir.

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında qəzanın başvermə səbəblərini araşdırmaq məqsədilə yaradılan komissiya da operativ qaydada fəaliyyət göstərir. Komissiyanın gəldiyi nəticələr ictimaiyyətə açıqlanacaq. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması, ölkədə həyatın normal axara istiqamətləndirilməsi, ilk növbədə, respublika rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin baş verənlərə operativ müdaxiləsi, proseslərin gedişini Öz nəzarətinə götürməsi ilə bağlıdır. Burada Azərbaycanın dövlət qurumlarının çevik və əlaqəli fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Əsas məqamlardan biri isə odur ki, çətinliklər yarananda cəmiyyət dövlətlə həmrəyliyini qoruyub saxladı. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətinin yetkinliyini, öz dövlətinə bağlılığını və inamını ifadə edən çox müsbət bir məqamdır. Dövlət xalqla, xalq da öz dövləti ilə güclü və yenilməzdir", - deyə A.Vəliyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv