YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimləri qardaş ölkədə keçiriləcək

Sentyabrın 29-da “N” saylı hərbi hissədə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və respublikamızda səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, briqada generalı Emin Ayık iki ölkənin Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.

Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.

Sonra birgə təlimlərin gedişi barədə qonaqlara brifinq təqdim olunub. Növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.

Söhbət zamanı qardaş ölkələrimizin Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin 2015-ci ilin martında Türkiyədə keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

Görüşlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.