YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: ATƏT məkanındakı münaqişələr Avropada sülhə və təhlükəsizliyə əsas təhdiddir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 26-da ATƏT-in “Avropanın təhlükəsizlik böhranının cavablandırılması: Gələcəyə baxış və ATƏT-in rolu” mövzusunda keçirilən nazirlər iclasında çıxış edib.

Nazir deyib ki, biz ATƏT məkanında təşkilatın öz mandatına uyğun səmərəli fəaliyyət nümayiş etdirməsini əngəlləyən və üzv dövlətlərin təhlükəsizliyinə təsir göstərən bir sıra yeni çağırışlar müşahidə edirik. Bunlar arasında Helsinki Yekun Aktının təməl prinsiplərinin seçimli təhrifini, beynəlxalq münasibətlərdə güc nümayiş etdirilməsinin və ya təhdid hallarının kəskin artmasını, həmçinin gücdən istifadə nəticəsində ATƏT-ə üzv ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təminatının iflasa uğramasını misal çəkmək olar.

Bildirilib ki, insan hüquqlarına və fundamental azadlıqlara tam və əhatəli yanaşmanın olmaması, ikili standartların və seçimli mövqenin nümayişi, insan hüquqları adı altında ATƏT-ə üzv ölkələrdə təhlükəsizliyi pozmaq cəhdləri də mövcuddur. Təşkilatı bir-birinə qarşı olan və bir-biri ilə rəqabət aparan siyasi-hərbi məkana çevirmək cəhdləri də narahatedicidir. Belə qruplaşmalar əsasında rəqabət ATƏT məkanının bölünməzliyini sual altına qoyur və bu, müxtəlif səbəblərdən kollektiv müdafiə institutlarına qoşulmayan və ya qoşula bilməyən dövlətlərə təsir edir ki, onlar da Avropa təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun azalması ilə narahat olurlar. ATƏT məkanında heç bir dövlət, dövlətlər qrupu və ya təşkilat sülhün və təhlükəsizliyin qorunması üçün başlıca məsuliyyətə iddia edə bilməz. Həmçinin ATƏT-in məkanını özünün təsir zonasının hər hansı bir hissəsi hesab edə bilməz.

Elmar Məmmədyarov vurğulayıb ki, hər hansı bir bloka qoşulmayan ölkə olan Azərbaycan üçün ATƏT onu birtərəfli təsirlərdən qoruyan beynəlxalq öhdəliyə malik ümumavropa təhlükəsizliyinin təminatçısıdır.

Diqqətə çatdırılıb ki, ATƏT məkanında eyni vaxtda inkişaf edən inteqrasiya prosesləri qayəsi var. Bu, yalnız inteqrasiya proseslərinin tərkib hissəsi olmağa səy göstərən dövlətlər üçün deyil, eləcə də bloklara qoşulmayan iştirakçı dövlətlər üçün bir sıra hədə və təhdidlər yaradır. Belə proseslər ATƏT çərçivəsində müzakirə olunmur, lakin bunlar ATƏT-ə üzv ölkələrin təhlükəsizliyinə təsir edir və ATƏT-in öhdəliklərinin icrasının dairəsini şübhə altına alır. Bunlar böhrana gətirib çıxardığı halda isə ATƏT buna reaksiya verən yeganə regional təşkilat olaraq qalır, çünki heç bir blok və ya bir-biri ilə yarışan inteqrasiya ittifaqları konstruktiv razılığın və dialoq mədəniyyətinin inkişafında və kompromisə getməkdə həvəs göstərmir. ATƏT Avropa təhlükəsizliyi arxitekturasının təməl daşıdır. Etimadın və təhlükəsizliyin təşviqi, həmçinin dialoq platforması kimi təşkilatın rolunun tanınması olduqca vacibdir.

Elmar Məmmədyarov deyib: “ATƏT-ə üzv ölkələr kimi biz müştərək təhlükəsizliyimizin əsası olan Helsinki Yekun Aktının, onun təməl prinsiplərinin, həmçinin ATƏT-in öhdəliklərinin təqdir olunması üçün öhdəliklərimizə riayət etməliyik”.

Qeyd olunub ki, ATƏT sənədləri üzv dövlətlərin bir-biri ilə və əraziləri çərçivəsində fərdlərlə davranışları üçün aydın qaydalar müəyyən edib. ATƏT öhdəlikləri heç bir istisna olmadan üzv ölkələrin hamısına bərabər qaydada tətbiq edilir. Onların xoşməramlı davranışları dövlətlər, hökumətlər və onların vətəndaşları, habelə üzv olduqları təşkilatlar arasında münasibətlər üçün olduqca vacibdir. Xüsusilə qeyd olunmalıdır ki, ATƏT hər hansı Qərb və ya Avrasiya meyilli ittifaq və bloklar üçün rəqib və ya yarışçı deyil, bura fikir ayrılıqlarının və ziddiyyətlərin konstruktiv məcrada müzakirə oluna biləcəyi geniş bir platformadır. Əgər təşkilat baş verən böhranlara təkcə reaksiya verməklə deyil, onların daha da gərginləşməsinin qarşısını almağı bacarsa, o zaman ATƏT-in üstünlüyündən tam yararlanmaq olardı.

Nazir deyib: “Fikrimizcə, ATƏT-in əsas missiyası onun dəstəklədiyi norma və prinsiplərin məhdudiyyətlər, ikili standartlar və coğrafi üstünlüklər olmadan müdafiəsi, habelə üzv dövlətlər arasındakı münasibətlərdə onlara hörmətin təmin edilməsidir.

ATƏT-ə üzv olan hər hansı ölkədə təhlükəsizliyə təsir edən istənilən məsələnin müzakirəsi üçün təşkilatın gündəliyinin açılması və onun konstruktiv, ittihamsız əsasda müzakirə edilməsinə səy göstərilməsi olduqca vacibdir. ATƏT-də əsas maraqlı tərəflər, xüsusilə təhlükəsizliyə kənar təsirin olduğunu hiss edən dövlətlər arasında qeyri-rəsmi məsləhətləşmələrin inkişaf etdirilməsinə ehtiyac var. Bu xüsusda, 1999-cu ildə Avropa Təhlükəsizlik Xartiyasının əsas elementi kimi qəbul edilmiş Müştərək Təhlükəsizlik Platforması ATƏT çərçivəsində az istifadə olunan bir üstünlükdür. Bu, əməkdaşlığın ruhuna uyğun şəkildə və bərabər əsasda mötəbər təşkilatlar ilə əməkdaşlığı inkişaf etdirə və daha da gücləndirə bilər. Belə əməkdaşlıq qarşılıqlı güclənməyə xidmət etməlidir, eyni zamanda, ATƏT-ə üzv bloklara qoşulmayan ölkələrin də təhlükəsizlik maraqları ATƏT və onun tərəfdarları arasında səmərəli münasibətlərin qurulması üçün aparılan danışıqlar zamanı nəzərə alınmalıdır”.

Nazir vurğulayıb ki, ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində cari vəziyyət regionda sülhə və sabitliyə böyük təhlükədir. Münaqişənin həlli üçün irəliləyiş Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurd-yuvalarına geri qayıtması ilə ola bilər. Bu addım həm də Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin formalaşmasına kömək edəcək. Bu isə davamlı sülh quruculuğu istiqamətində çox vacibdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri deyib: “Biz inanırıq ki, ATƏT-in üzv ölkələri yuxarıda göstərilən yanaşma əsasında münaqişənin tezliklə həlli istiqamətində qəti mövqeyimizi bir daha təsdiq edəcəklər”.