YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Seyidzadə: Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməlidir

«Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir vaxtda Cümhuriyyətə doğru aparan yolların nəzərdən keçirilməsi çox vacibdir. Çünki xalqımız məhz həmin yolu keçərək öz müstəqil dövlətini qurmuşdu və bu böyük hadisə Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda ardıcıl və inamlı mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməlidir». Bu fikirləri Azərbaycan Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə deyib.

D.Seyidzadə bildirib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.
«Azərbaycan nümayəndələri Dövlət Dumasında dəfələrlə çıxış edərək əhaliyə bərabər hüquqlar verilməsini, seçkilərdə bütün əhalinin iştirak hüququnun tanınmasını tələb edirdilər. Onlar hələ 1907-ci ilin mayında II Dövlət Dumasında müsəlman fraksiyasının üzvləri ilə birlikdə təqdim etdikləri qanun layihəsində insanların siyasi və vətəndaşlıq hüquqlarında dini və milli mənsubiyyətlə bağlı məhdudiyyətin ləğvini tələb etmişdilər. Layihədə qadınların hüquq bərabərliyi haqqında da məsələ qaldırılmışdı. Bu, Azərbaycan qadınının hüquq bərabərliyi, onun seçki hüququnun təmin edilməsi istiqamətində ilk və inqilabi addım idi. Həmin dövrdə yaranmış siyasi partiyaların və təşkilatların vahid bir məqsədi var idi - bütün milli qüvvələri birləşdirmək, millətin mənafelərini müdafiə etmək, bərabərliyə, hüquq qaydasına və qanunçuluğa nail olmaq. Sosial cəhətdən kifayət qədər rəngarəng olan, öz sıralarında əhalinin, demək olar ki, bütün təbəqələrini birləşdirən bu təşkilatlar bütövlükdə Azərbaycan cəmiyyətinin maraqlarını ifadə etməyə çalışırdılar»-deyə, D.Seyidzadə vurğulayıb.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda ilk demokratik respublikanın qurulmasında yaxından iştirak edənlərin böyük xidmətlərini yüksək qiymətləndirib. “Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamında da xüsusi qeyd edilir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Xalq Cümhuriyyəti XIX əsrin axırları - XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb”, - deyə, Dilarə Seyidzadə diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv