YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər region dövlətləri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Özbəkistan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes, ticarət və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

3 milyondan çox üzvü olan nüfuzlu ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən, ilk dəfə olaraq ABŞ Ticarət Palatasının Ağ ev ilə üzbəüz yerləşən möhtəşəm “Hall of Flags” auditoriyasında baş tutan forumda ABŞ administrasiyası və region dövlətlərinin yüksək rütbəli nümayəndələri bir araya gələrək Trans-Xəzər regionunun potensialını müzakirə ediblər. Tədbirdə ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dən çox nümayəndəsi iştirak edib. ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman və Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev forumun açılışında tədbirin əhəmiyyətindən danışıblar.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters çıxışında müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində mühüm rolunu vurğulayıb və bu xüsusda ABŞ-ın tərəfdaş olmaqda marağını çatdırıb. ABŞ rəsmisi region ölkələrinin bu dəhlizin inkişafı sahəsində mühüm infrastruktur layihələri həyata keçirdiklərini və bu xüsusda ötən il açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini diqqətə çatdırıb. B.Makfiters ABŞ-ın bu istiqamətdə region ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu və yaxın zamanlarda özünün regiona səfər etmək niyyətinin olduğunu söyləyib.

Daha sonra ABŞ Ticarət Nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Matyü Edvard ticarət naziri Vilbur Rosun tədbirlə bağlı xoş arzularını çatdırıb və 2016-cı ildən bəri Vaşinqtonda təşkil edilən sözügedən forumun region ölkələri ilə yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platforma olduğunu ifadə edib.

Sonra Azərbaycanın və forumun digər təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər.

E.Süleymanov Azərbaycanın regionda lider rolunun ölkə başçısının strateji və uzaqgörən baxışı ilə bağlı olduğunu vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb, bu layihələrin regionun tranzit potensialının artırılmasında xüsusi rolunu qeyd edib. Bununla yanaşı, Azərbaycan diplomatı nəqliyyat və tranzitlə bərabər Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirib.

Daha sonra Əfqanıstan, Türkiyə, Gürcüstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.

Nüfuzlu beyin mərkəzi olan “Heritage” Fondunun nümayəndəsi Lük Kofenin moderatorluğu ilə keçən nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş növbəti paneldə çıxış edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş direktorunun müşaviri Tural Əliyev Azərbaycanın nəqliyyat infrastrukturu və dəhlizlər barədə məlumat verib, eləcə də limanın tikintisi üzrə görülən işlərdən, azad ticarət zonasının yaradılmasından və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan bəhs edib.

Bu paneldə çıxış edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdiyi şirkətin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Enerji sahəsinə həsr olunmuş və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın moderatorluğu ilə keçən paneldə çıxış edən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov ölkəmizin enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə söz açıb.

 

DİGƏR Xəbərlər Arxiv