YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriyanın Sankt Pölten şəhərində Azərbaycanın fəxri konsulluğu açılıb

Mayın 15-də Avstriyanın Sankt Pölten şəhərində Azərbaycanın Aşağı Avstriya, Yuxarı Avstriya və Burqenland federal əyalətləri üzrə fəxri konsulluğunun açılışı olub.

Fəxri konsulluğun açılışında diplomatik korpusun, Aşağı Avstriya Federal Əyalət Administrasiyasının, Sankt Pölten şəhər meriyasının, müxtəlif şirkət və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Fəxri konsul Andreas Köniqsberqer çıxışında uzun illərdən bəri Azərbaycanla əlaqələrə malik olduğunu diqqətə çatdırıb, böyük gələcəyə malik bir ölkənin fəxri konsulu təyin edilməsindən məmnun olduğunu bildirib. Azərbaycan və Avstriya arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi, iki ölkə arasında müxtəlif sahələrdə körpülərin qurulmasında fəxri konsulluğun var gücünü sərf edəcəyini vurğulayan A. Köniqsberqer Avstriya şirkətləri və iş adamlarını Azərbaycandakı potensial tərəfdaşlarla işgüzar əlaqələr qurmağa dəvət edib. O qeyd edib ki, Azərbaycan Çinlə Avropa arasında infrastruktur dəhlizinin üzərində yerləşən böyük iqtisadi potensiala malik ölkədir və fəxri konsulluq mütəmadi olaraq Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələrin güclənməsinə çalışacaq, iqtisadi missiyaların mübadiləsini həyata keçirəcəkdir.

Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycanın Avstriyada ilk fəxri konsulluğunun Sankt Pölten şəhərində açılmasının iki dövlət arasında qarşılıqlı əlaqələrdə yeni səhifənin başlanğıcı olduğunu qeyd edib. Avstriya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 ildən artıq tarixə malik olduğunu qeyd edən səfir ölkələr arasında siyasi dialoqun yüksək səviyyədə qurulduğunu və müxtəlif əməkdaşlıq mexanizmlərinin fəaliyyət göstəridiyini diqqətə çatdırıb. Q. İsrafilov ümidvar odluğunu bildirib ki, fəxri konsulluğun açılması ilə Avstriyanın əyalət hökumətləri və işgüzar dairələrin Azərbaycana marağını artıracaq, hər iki dövlətin müxtəlif regionları arasında əlaqələrin qurulmasına şərait yaradacaqdır. O, həm Avstriya qurumları və şirkətlərini, həm də bu ölkədə yaşayan soydaşlarımızı fəxri konsulluqla yaxından ünsiyyətə dəvət edib.

Aşağı Avstriya Federal Əyaləti Administrasiyasında əyalət müşaviri Martin Ayxtinqer təbrik çıxışında tədbir iştirakçılarını əyalət qubernatoru Yohanna Mikl-Laytner adından salamlayaraq, əyalət paytaxtı Sankt Pölten şəhərində növbəti fəxri konsulluğun açılması ilə əyalətin öz beynəlxalq statusunu gücləndirdiyini qeyd edib.

Hər iki ölkə arasında yüksək səviyyədə ikitərəfli münasibətlərin qurulduğunu vurğulayan M. Ayxtinqer iqtisadi əməkdaşlıq göstəricilərinin mövcud potensiala cavab vermədiyini və fəxri konsulluğun siyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsində mühüm rol oynayacağına inamını ifadə edib.

Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) sədri Qerald Qerstbauer rəhbərlik etdiyi təşkilatın iki ölkənin şirkətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsinə çalışdığını bildirib və Avstriyanın əsas iqtisadi regionlarından biri olan Aşağı Avstriyada fəxri konsulluğun açılmasının bu əlaqələrin inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, Avstriyanın aparıcı sığorta və investisiya şirkətlərindən biri olan „Safe Invest“ holdinqinin rəhbəri Andreas Köniqsberqer 30 ildən bəri bu sektorda fəaliyyət göstərir. „Safe Invest“ Mərkəzi və Şərqi Avropa ölkələrində 1,3 milyon müştəriyə xidmət göstərir. Sankt Pölten şəhərinin mərkəzində yerləşən fəxri konsulluq həftənin bütün günləri fəaliyyət göstərəcək, həftənin üç günü isə vətəndaşların qəbulunu həyata keçirəcəkdir.