YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Keçmişdə cəzasız qalan bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir

Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir. Belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

Nazir çıxışında aparılan müzakirələrin dağıntılar və kütləvi sayda məcburi məskunlaşma ilə üzləşmiş Yaxın Şərq ölkələrinin daha yaxşı gələcəyi naminə həll yollarının tapılması istiqamətində göstərilən qlobal səylərə töhfə verəcəyinə inamını ifadə edib.

Bildirib ki, 2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il idi. Belə ki, onun nəzarəti altında olan geniş ərazilər və çoxsaylı istehkamlar azad edildi. İndi isə yaraları sürətli və davamlı formada necə müalicə edəcəyimizə və bütün bunlardan təsirlənən insanların problemlərinin aradan qaldırılmasına baxmaq zamanıdır.

İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil. Lakin terrorizmə qarşı müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəfə almaq üçün istifadə edilməməlidir. Terrorla mübarizə ilə bağlı tədbirlərin pro-aktiv olmasını təmin etmək də çox vacibdir. Terrorizmə qarşı mübarizə əhalinin məlumatlılığını artırmaq üçün önləyici yanaşmanı özündə əks etdirməlidir. Bu xüsusda, ekstremizmlə mübarizə məsələləri hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri, eləcə də dini icmalar, gənclər və qadın assosiasiyaları daxil olmaqla bütün maraqlı tərəflərin koordinasiyası və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir.

Nazir qeyd edib ki, bu gün qaçqınların və məcburi köçkünlərin vəziyyəti aidiyyəti ölkələrdə ən mürəkkəb və problemli məsələ olmaqda davam edir. Fürsətdən istifadə edərək, münaqişə bölgələrindən qaçanlar üçün təcili və müvəqqəti sığınacaq təmin etmək kimi ən ağır yükü öz üzərinə götürən Türkiyə, Livan və İordaniyanın səylərini yüksək qiymətləndirirəm. Dünyada məcburi köçkünlərin miqyasını nəzərə alaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayının 41 milyona çatdığı bir dövrdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir. Biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək vardır. “Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir. Belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətraf yeddi rayonunu işğal etməsi nəticəsində yaranıb. Hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyondan çoxdur, bu da ümumi əhalinin ondabirindən artıqdır”,-deyə nazir vurğulayıb.

Qeyd edilib ki, məcburi köçkünlərin böyük miqyasına baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyiş əldə edib. Son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub ki, bu da onlar arasında yoxsulluq və işsizliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

E.Məmmədyarov deyib: “Biz unutmamalıyıq ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir. Təəssüf ki, bizim vəziyyətimizdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən onilliklərlə yaşı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq yardımlara baxmayaraq, Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir.

Eyni zamanda, qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər olduğunu vurğulamalıyam. Suriyada vəziyyət pisləşdikdən sonra Ermənistan Suriya ermənilərini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirməyi təşviq edir. Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilib. Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Həqiqətən də, beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı böhrandan çıxmağın yollarını axtarmağa yönələrkən, bu ölkənin əhalisinin problemlərinin başqa bir bölgədə sülh səylərini daha da mürəkkəbləşdirmək üçün istifadə olunduğunu bilmək dərindən narahatedicidir. Bu tamamilə qəbuledilməz və yolverilməzdir”.

Xarici İşlər Naziri vurğulayıb ki, hətta öz ərazisində geniş miqyaslı və uzunmüddətli məcburi köçkün probleminin olmasına baxmayaraq, Azərbaycan beynəlxalq ictimaiyyətin təcili humanitar böhran vəziyyətlərini həll etmək və dünyanın müxtəlif yerlərində davamlı cəmiyyətlərin qurulması səylərini dəstəkləyir. Bu gün təxminən dünyanın 40 ölkəsində yaşayan insanlar, o cümlədən Yəmən, Fələstin və İordaniyadakı suriyalı qaçqınlar Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin humanitar yardımından faydalanırlar.

Diqqətə çatdırılıb ki, müxtəlif dinlərin və məzhəblərin sülh və harmonik mövcudluğunun əsrlər boyu davam edən ənənələri ilə zəngin bir ölkə olaraq Azərbaycan BMT baş katibinin 72/488 saylı hesabatında qeyd edildiyi kimi Bakı Prosesi vasitəsilə həm regional, həm də dünya səviyyəsində güclü və əsil mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasına çox sərmayə qoyub. Aydındır ki, sözügedən ölkələrdə münaqişələr zamanı ölənlərin və bu ölkələri tərk edənlərin sayının çoxluğu ictimai qurumların gücləndirilməsində əsas maneə faktı olacaq. Çünki ixtisaslı kadrların olmaması problemi ortaya çıxacaq. Bu xüsusda, Azərbaycan universitetlərində oxumaq istəyən İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan tələbələr üçün təhsil qrantlarına dair ötən ilin dekabrında verilmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanına diqqətinizi yönəltmək istərdim. Beləliklə, Yaxın Şərq ölkələrindən olan tələbələr bu fürsətdən faydalana bilərlər.

Təhlükə altında olan mədəni irsin qorunması, ədalətin təmin edilməsi və cəzasızlıq ilə mübarizə kimi Madrid sənədinin digər prioritet sahələrinə gəldikdə isə, vurğulamaq lazımdır ki, BMT Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda qəbul edilmiş Bakı Bəyannaməsi ayrı-seçkiliyə, düşmənçiliyə və şiddətə təhrik edən dini nifrətin hər hansı bir müdafiəsini ciddi şəkildə qınadı və bütün üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı. Biz inanırıq ki, Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün şiddətə, ekstremizmə və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi mədəniyyətlərarası dialoqun təşviqinə xidmət göstərə bilər. “Biz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanı mədəni və dini yerlərin dağıdılmasından çəkindirmək üçün səmərəli tədbirlər görmək üçün çoxsaylı hallarda beynəlxalq ictimaiyyətə müraciət etmişik. Bu vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib. Mən sizin diqqətinizi silahlı münaqişələr dövründə mədəni hüquqların və əmlakın qorunmasına dair BMT-nin İnsan Hüquqları Şurasının Azərbaycanın təşəbbüsü ilə 11 il bundan əvvəl, 2007-ci ildə, daha doğrusu beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki son zülmlərdən silkələnməsindən öncə qəbul etdiyi qətnaməsinə yönəltmək istərdim. Unudulmamalıdır ki, keçmişdə cəzasız qalmış bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir.