YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üsəmə əl-Abd: Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan böyük uğurlara nail olub

Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun yaradılması ölkələrimiz üçün əlamətdar hadisədir və dövlətlərimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb edir. Bu sözləri Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, professor Üsəmə əl-Abd söyləyib.

Onun sözlərinə görə, Misir parlamentinin sədri Əli Abdel Aal Azərbaycan ilə dostluq qrupunun yaradılması barədə sərəncam imzalayıb. Dostluq qrupu qarşısına iki qardaş ölkə arasında ikitərəfli münasibətləri möhkəmləndirmək vəzifəsi qoyub. O deyib: “Bu qrupun məqsədi ölkələrimizin parlamentləri arasında əməkdaşlığı fəallaşdırmaq, iki qardaş ölkə və xalq arasında münasibətləri möhkəmləndirməkdir”.

Misir ilə Azərbaycan arasında münasibətlərin dərin tarixi köklərinin olduğunu vurğulayan Üsəmə əl-Abd deyib: “Ölkələrimiz arasında münasibətlər çox möhkəmdir və yüksək səviyyədədir. Azərbaycan-Misir hökumətlərarası birgə komissiyasının bu ilin fevralında Misirdə keçirilən iclası və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul etməsi əməkdaşlığımıza yeni təkan verib”.

Üsəmə əl-Abd daha sonra qeyd edib ki, Misirlə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı möhkəmləndirmək üçün qarşılıqlı səfərlər, deputatlar arasında görüşlər təşkil etmək, habelə iki ölkənin nazirlikləri, xüsusən iqtisadiyyat və turizm nazirlikləri arasında əlaqələri möhkəmləndirmək lazımdır. O deyib: “Əminəm ki, Azərbaycan-Misir münasibətləri və əməkdaşlığı ölkələrimizin müdrik rəhbərləri sayəsində daha da möhkəmlənəcək və yüksələn xətt üzrə inkişaf edəcək”.

Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər böyük uğurlar əldə edib və yüksək sürətlə inkişaf etməkdədir.

Sonda Üsəmə əl-Abd Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Misir parlamenti və Parlamentlərarası dostluq qrupu adından təbrik edib və qardaş Azərbaycana daha böyük inkişaf və firavanlıq diləyib.