YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası internat məktəbinin sakinləri üçün toy mərasimi təşkil edib

Mayın 9-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xəzər rayonunun Buzovna qəsəbəsində  Təhsil Nazirliyinin 8 saylı sanatoriya tipli internat məktəbinin sakinləri üçün “Xəmsə” şadlıq sarayında toy şənliyi keçirilib.  

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində təşkil olunan gənclərin toy şənliyinə  YAP-ın üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak  ediblər.

Əvvəlcə 8 saylı sanatoriya tipli internat məktəbində bəylə gəlinə xeyir-dua verilib. Məktəbin kollektivi, Fikrətlə Aytacın müəllimləri, YAP Xəzər rayon təşkilatının rəhbərliyi  mərasimdə cütlüyə xoş arzularını bildiriblər. Belə bir xeyirxah missiya təşkil edildiyi üçün ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və YAP-ın rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Sonra bəylə gəlin el adəti üzrə Qurani Kərimin altından keçərək şadlıq evinə yola salınıblar.   

«Xəmsə» şadlıq evində Fikrət Həsənovla Aytac Səfərovanın nikahı rəsmiləşdirildikdən sonra məktəbinin direktoru Pəri Paşayeva hər kəsə təşəkkür edib. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən təhsil ocağının rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olmuş insanlara xüsusi həssaslıqla yanaşdığını söyləyib. «Bu gənclər neçə illərdir ki, bir-birilərini sevirlər. 3-4 il əvvəl Fikrət Aytaca nişan üzüyü bağışlamışdı. Amma maddi imkanı olmadığı üçün toy edə bilmirdi. Bu gün isə onların həyatında ən xoşbəxt gündür. Belə bir xeyirxah, humanist  addım atdığına görə Yeni Azərbaycan Partiyasına təşəkkürümüzü bildiririk»-deyə, P.Paşayeva bildirib.

Toy mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov çıxış edərək gənclərə xeyir dua verib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Gənclərə möhkəm ailə, xoşbəxtlik diləyən Əli Əhmədov inamını ifadə edib ki, bu qədər insanların xeyir-duası ilə qurulan ailə çox möhkəm olacaq: «Bu toyun bir mənası ondan ibarətdir ki, iki gənc birləşirlər, ailə qururlar, bundan sonrakı ömürlərini birləşdirirlər. İkinci mənası isə odur ki, cəmiyyətimiz bir daha öz birliyini göstərir, insanlara kömək göstərmək istəyini ifadə edir. Bu da cəmiyyətimizi birləşdirən və möhkəmləndirən ən güclü amillərdən biridir». O, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu ölkədə heç kimin tək, kimsəsiz olmadığını qeyd edib. Bu toy şənliyini cəmiyyətimizin birliyinin təzahürü adlandıran Baş nazirin müavini gənclərə nümunəvi ailələrdən olmağı arzulayıb.

«Yəqin ki, partiyamızın təşkil etdiyi bu tipli tədbirlər sonuncu olmayacaq. İstərdik ki, bütün gənclərimiz ailə qurub ev eşik sahibi olsunlar»- deyən YAP Sədrinin müavini gənc ailəyə yeni mənzilin açarını təqdim edib. «Arzu edirəm ki, bu ev sizin xoşbəxlik ocağınız, məkanınız olsun. Bundan sonra da sizə kömək etməyə hazırıq, sizin uğurlarınızla sevinəcəyik»- deyə, Əli Əhmədov qeyd edib.

Bəy də öz adından onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına  minnətdarlığını bildirib.  O, həyat yoldaşı ilə birlikdə YAP-ın  üzvü olduğunu da qeyd edib.

Təhsil Nazirinin müavini Firudin Qurbanov da gənclərə xoş günlər arzulayıb, Azərbaycanın inkişafı naminə həyata keçirilən proseslərdə yaxından iştirak etmələrini tövsiyə edib və onlara rəhbərlik etdiyi qurum adından xatirə hədiyyəsi verib.

Toy mərasimində iştirak edən  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz təəssüratlarını bölüşüb: «Əsl sosial siyasət budur. Bu mərasim onu təsdiq edir ki, dövlətimizin siyasətinin əsasında insanlara, xüsusilə qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və kömək dayanır. Bu siyasəti Ulu öndərimiz Heydər Əliyev müəyyənləşdirib və hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası həmişə bu tipli xeyirxah aksiyalarla çıxış edir. İnanıram ki, bu gənclərimiz cəmiyyətimizdə nümunəvi  ailələrdən biri olacaq».

YAP Siyasi Şurasının üzü, Milli Məclisin deputatı Musa Quliyev də bildirib ki,  bu, çox humansit bir təşəbbüsdür: «Bu  nümunə təbliğ olunmalı və  yayılmalıdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə humansit siyasəti öndə tutub. Xatırlayıram, Ulu öndərimiz Gülüstan sarayında valideyn himayəsindən məhrum olmuş  uşaqlarla görüşərkən bildirdi ki, heç kim özünü kimsəsiz hesab etməsin, dövlət həmişə sizin arxanızdadır. Hazırda  bu siyasəti Prezident İlham Əliyev davam etdirir».

M.Quliyev deyib ki, cəmiyyətimizdə insanların  bir-birinə kömək etməsi milli adət-ənənələrimizdən, dinimizdən gəlir. Bu, həm də dövlət siyasətidir. Bu gün  valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göz önündədir. Ölkə Prezidentinin və Heydər Əliyev Fondunun qayğısı nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar  həyatın bütün çətinlikləri ilə baş-başa qalmırlar. Dövlətimiz lazımi dətsək və qayğını göstərir. Bu uşaqların təhsili, mənzil və işlə təminatı həmişə diqqət mərkəzindədir. Bu toy mərasimini də Ümummilli lider Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin  rəhbərlik etdiyi partiya öz üzərinə götürübsə,  böyük xeyirxahlıq missiyasıdır. Bu gənclər partiyamızın övladlarıdır, sağlam gəncliyimizin nümayəndələridirlər. Hseab edirəm ki, YAP-ın bu təşəbbüsü cəmiyyətdə alqışlanan bir təşəbbüsdür. Digər ictimai-siyasi təşkilatlar da bu təşəbbüsü dəstəkləyib davam etdirməlidir. Biz insanları belə birləşdirə, sevindirə, xoşbəxlik bəxş edə bilərik. Bu toy mərasimi gənclərin əbədi olaraq  yaddaşında qalacaq. Onlar öz hisslərini övladlarına, nəvələrinə danışacaqlar. Mən gənclərimizə xoşbəxtlik arzu edirəm».

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı partiyamızın bu xeyirxahlıq missiyasının böyük məna kəsb etdiyini deyib: «Yeni Azərbaycan Partiyası  Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin rəhbərliyi etdiyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Sədr müavini olduğu partiyadır. Bu şəxslərin həyata keçirdiyi tədbirlərin əsasında hər zaman humanizm, xeyirxahlıq dayanıb. Humanzm siyasətinin əsası Ümummilli liderimiz tərəfindən qoyulub və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən davam etidirilir. Ölkəmizdə qısa müddət ərzində qayğıya ehtiyacı olan insanlar üçün bütün şərait yaradılıb. Onların təminatları yüksək səviyyədədir. O cümlədən, kimsəsiz uşaqlara da yüksək qayğı var. YAP bu missiyası ilə məhz bu tipli insanlara yüksək qayğını  təbliğ edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ərəfəsində bu xeyirxah missiya dövlət qayğısı ilə böyümüş gənclərin sağlam ailə qurmasına verdiyi dəstəkdir. Mən bu hadisəni nəcib əməl hesab edirəm. Bu hadisə Ulu öndər Heydər Əliyevun ruhina böyük ehtiramdır».

Qeyd edək ki, toy mərasimində Azərbaycanın tanınmış sənət adamları çıxış ediblər. Partiyamızın gənc üzvlərinin fəal iştirakı, rəqsləri mərasimi daha da rəngarəng edib, şənləndirib.