YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Vaqif ABDULLAYEV

YAP Siyasi Şurasının üzvü, Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, sosial və humanitar problemlərlə qarşı-qarşıya qalan, beynəlxalq aləmdə özünü müstəqil dövlət kimi təsdiq edə və tanıtdıra bilməyən Azərbaycan 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra tənəzzül və böhrandan xilas oldu, inkişaf yoluna çıxdı.

Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində  nail olmaq mümkün idi. Məhz Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi.  Ümummilli lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinı belə təsvir edirdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ölkədə siyasi sabitlik yaradıldıqdan sonra iqtisadi islahatların həyata keçirilməsinə başlandı. İqtisadi islahatların və liberal bazar münasibətlərinin genişlənməsi və sürətlənməsi ilk növbədə bu sahədə müvafiq qanunların, baza sənədlərinin mövcudluğu, onların təkmilləşdirilməsi ilə sıx bağlıdır. Buna görə də Azərbaycan hökuməti iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atdı. 1992-1997-ci illərdə "Sahibkarlıq fəaliyyəti haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Maliyyə sənaye qrupları haqqında" qanunlar qüvvəyə mindi. Bununla yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər görüldü. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı.İqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, yeni iqtisadi münasibətlərin hüquqi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın inkişafını sürətləndirdi. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətinin mühüm xüsusiyyətlərindən birini özəl sektorun inkişafı istiqamətində ardıcıl, sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi təşkil edirdi. Ölkədə güclü siyasi iradə əsasında özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət nəticəsində ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildən etibarən iqtisadiyyatın artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3 faiz olan iqtisadi artım 1997-ci ildə 5,8 faizə çatdı. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyillərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter aldığını göstərirdi. Qısa zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa başladı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyasının fonunda neft resurslarından bu məqsədlə səmərəli istifadə olunmasını xüsusi olaraq qeyd etmək lazımdır. Məlumdur ki, həmin dövrdə dünya iqtisadi sisteminə inteqrasiyası zəruri olan Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.

Bütövlükdə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf siyasəti Azərbaycanın iqtisadi göstəricilərinin artmasında özünü göstərdi. 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq, 4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, həyata keçirilən islahatlar sayəsində 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu.

Nəticə etibarilə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətləndi, ölkəmizin qüdrəti artdı, yeni iqtisadi inkişaf perspektivləri formalaşdı.  Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı.

Heydər Əliyev tərəfindən həyata keçirilən çevik iqtisadi islahatlar beynəlxalq təşkilatlarda da inam yaratdı. Ona görə də müvafiq beynəlxalq iqtisadi-maliyyə qurumları Azərbaycana ürəklə dəstək verdilər. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ölkəmizdəki iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına hesablanmış çevik və qəti reformlar reallaşdırıldı. Mobil pul-kredit, büdcə, vergi, gömrük siyasəti yürüdüldü, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinə nail olundu.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət Azərbaycanın dinamik inkişafını təmin edib. Son 15 ildə iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib, təşviq və dəstək tədbirləri gücləndirilib.

Təsadüfi deyil ki, son 14 ildə, ümumi daxili məhsul 3,2, sənaye məhsulu istehsalı 2,6, kənd təsərrüfatının ümumi məhsul istehsalı 1,7 dəfə artıb, açılmış yeni iş yerlərinin sayı 1 milyon 958 min 400 olub. Həyata keçirilən iqtisadi siyasət mühüm inkişaf göstəricilərinin qeydə alınmasını təmin etməklə yanaşı, sosial müdafiə sahəsində də qarşıya qoyulan məqsədlərə çatmağa imkan verib.

15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan qabaqcıl ölkələrdən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.

Son 15 ildə respublikamızda reallaşdırılan çoxsaylı proqramlar sırasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının önəmini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Cənab İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Bəhs olunan Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bütün ölkə boyu tarazlı inkişaf təmin edilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.

Bir çox ölkələrin çoxsaylı iqtisadi və siyasi problemlərlə qarşı-qarşıya olduğu yeni şəraitdə Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bunun səbəbi güclü siyasi iradə və müstəqil iqtisadi siyasətin həyata keçirilməsidir. Ölkəmiz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxmağa nail olub. Artıq bu böhranlar arxada qalıb və iqtisadiyyatımızda sabitlik təmin edilib. İqtisadi və maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək: “İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.

Qarşıda duran vəzifələrin yerinə yetirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ekspertlərin qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək. Bir sözlə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın öz qüdrətini artırmasını, yeni zirvələr fəth etməsini təmin edəcək.