YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

N.Osmanov deyib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olub. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Fizuli Salahov ulu öndər Heydər Əliyevin müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Bu gün ordu quruculuğu prosesi Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü konfrans da Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm istiqaməti olan ordu quruculuğu sahəsindəki xidmətlərinə həsr edilib.

Sonda ulu öndər Heydər Əliyevə həsr edilən film nümayiş olunub.