YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının təqdimatı olub

Mayın 3-də Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.

M.F. Axundzadə adına Milli Kitabxanada təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqqında yenidən tərtib edilən bu fundamental biblioqrafiyaya son 10 ilin materialları əlavə olunub. Kitaba alimin bu illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə çap olunmuş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş elmi-publisistik məqalələri, çıxışları və müsahibələri daxil edilib.

Tədbirdə Azərbaycan Dillər Universitetin rektoru, akademik Kamal Abdulla “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş kitabın böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu təkcə kitab haqqında tədbir deyil, bütövlükdə kitablar haqqında kitabla bağlı tədbir olduğu üçün ikiqat məna kəs edir. “Nəşrdə akademik Ramiz Mehdiyevin görkəmli elm və dövlət xadimi kimi bütövlükdə obrazı öz əksini tapıb. Kitab təkcə Ramiz müəllimin əsərlərinin adanın çəkildiyi məcmuə deyil, eyni zamanda, analitik bir tədqiqat işidir, akademikin çoxşaxəli və dərin mahiyyətə malik yaradıcılığına bir baxışdır. Onun Azərbaycan fəlsəfə tarixinə, cəmiyyətşünaslığına zaman-zaman verdiyi töhfələri araşdıran, qruplaşdıran bir tədqiqatdır. Burada akademikin yazdığı əsərlərlə yanaşı, həm də onun haqqında və əsərləri barədə yazılanlar da öz əksini tapıb. Bu vəsait faktiki olaraq bir salnamədir, bir dövrün salnaməsidir. Azərbaycanın qeyri-müstəqillikdən müstəqilliyə keçid dövrünün həm mənəvi, həm mədəni, həm də ictimai salnaməsidir. Bir şəxsin timsalında biz bu keçidin ən müxtəlif təzahür formalarını görürük. Biz bütün bunlarla tanış olduqdan sonra Ramiz Mehdiyevin gördüyü işlərə təəccüblənməyə bilmirik. Həqiqətən də, titaniq bir zəhmət nəticəsində Ramiz müəllim əsl elm fədaisi, dövlət qulluqçuluğunda çalışan şəxsiyyət kimi çox böyük və möhtəşəm uğurlara imza atıb. Ulu Öndərin Azərbaycan üçün müəyyənləşdirdiyi yolun sabiq və ləyaqətli davamçısı olan Ramiz Mehdiyev bu gün də Prezident İlham Əliyevin yanında onun silahdaşı kimi quruculuq işləri ilə məşğuldur”,- deyə Kamal Abdulla vurğulayıb.

“Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən K.Abdulla deyib ki, bu kitab ali məktəblərdə, akademiyanın institutlarında öyrəniləcək və tədqiq olunacaq.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov deyib ki, Ramiz Mehdiyev haqqında ilk biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və M.F.Axundzadə adına Respublika Milli Kitabxanası tərəfindən Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir. Azərbaycan Milli Kitabxanası tərəfindən yenidən nəşr olunan bu fundamental elmi biblioqrafiyaya son on ilin daha da təkmilləşdirilmiş materialları əlavə olunub.

Bildirilib ki, filosof alimin geniş ictimai-siyasi fəaliyyətini işıqlandırmaq məqsədilə göstəricidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim” adlı “Ön söz”ü verilib. “Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində akademiklərdən Akif Əlizadə, Mahmud Kərimov, Arif Mehdiyev, Asəf Nadirov, Bəkir Nəbiyev, Ağamusa Axundovun və digər görkəmli alim və ictimai-siyasi xadimlərin fikirləri, mülahizələri öz əksini tapıb. “Əsərlərin biblioqrafiyası” bölməsində akademik Ramiz Mehdiyevin kitabları, elmi məqalələri əhatə olunub, bəzi informasiya xarakterli materiallar biblioqrafiyaya salınıb.

Görkəmli alimin əsərləri və haqqında olan materiallar “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”, “Redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər” və “Həyatı, ictimai-siyasi fəaliyyəti, əsərləri haqqında” adlı bölmələrdə yer alıb. Biblioqrafik vəsaitdə ilk dəfə olaraq dünyanın 30-dək Milli Kitabxanasında akademikin əsərləri toplanılıb. Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji ardıcıllıqla verilib, daxildə isə əlifba sırası ilə qruplaşdırılıb.

Sonra tədbir iştirakçılarına Ramiz Mehdiyev haqqında hazırlanmış elektron məlumat bazası təqdim edilib.

AMEA-nın vitse-prezidenti, akademik, kitabın “Ön söz” müəllifi İsa Həbibbəyli çıxışında Ramiz Mehdiyevi görkəmli alim və məsuliyyətli dövlət xadimi kimi xarakterizə edib. Ramiz Mehdiyevin dövlətçilik tariximizdə gördüyü işlərdən danışan akademik onun əsərlərinin sanballı, elmimiz və milli-mənəvi dəyərlərimiz üçün mühüm olduğunu söyləyib.

“Milli Kitabxana çoxillik təcrübəsi əsasında akademik Ramiz Mehdiyevə həsr edilmiş ümumiləşmiş ciddi və sanballı bir biblioqrafiya hazırlayıb. Bu kitabda Ramiz müəllimin çoxillik elmi, ictimai-siyasi fəaliyyəti küll halında ümumiləşmiş şəkildə təqdim olunur. İlk dəfədir ki, Ramiz müəllim haqqında bu qədər əhatəli, xronoloji şəkildə hazırlanmış nəşrlərlə tanış oluruq. Bu nəşrdə akademikin çoxsaylı əsərləri, təhlilləri və monoqrafiyaları göstərilir. Kitabda dəyərli informasiyalar, məlumatlar, müxtəlif tanınmış şəxsiyyətlərin Ramiz müəllim haqqında fikirləri öz əksini tapıb. Onun elmi fəaliyyəti və əsərlərinin sistematikası bu kitabın fonunda Ramiz Mehdiyev haqqında söz deməyə əsas verir. Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunun yetişdirib formalaşdırdığı görkəmli dövlət xadimidir. O demək olar ki, həyatının böyük hissəsini ümummilli lider Heydər Əliyevin silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsinə yönəldib. Bu gün də akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən çiçəklənən ölkəmizə, dövlətçiliyimizə xidmət göstərməkdədir. Ramiz Mehdiyev, eyni zamanda, mükəmməl bir akademik düşüncəyə malik olan görkəmli elm xadimidir. Belə bir görkəmli alimə verilən ən böyük dəyərlərdən biri də ona həsr edilmiş biblioqrafiyanın nəşr edilməsi və elektron məlumat bazasının hazırlanmasıdır. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə İ.Həbibbəyli söyləyib.

Ramiz Mehdiyevə həsr edilmiş biblioqrafiyanın onun elmi fəaliyyətinə verilmiş ən yüksək dəyər olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov alimin elmi və dövlətçilik fəaliyyətindən danışıb.

Qeyd edilib ki, qlobal miqyasda tanınan Ramiz Mehdiyevin əsərlərinə bu gün dünyanın bir çox ali təhsil ocaqlarında istinad edilir. Bütün bunlar göstərir ki, o, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olmaqla yanaşı, həm də dünya miqyasinda tanınan şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin idarəçilik məktəbini keçmiş akademik, idarəçilik, dövlət quruculuğu sahəsi, vətəndaş cəmiyyəti və milli ideyanın formalaşması sahəsində unikal əsərlər müəllifi kimi tanınır: “Təqdimatına toplaşdığımız bu biblioqrafiyada alimin əsərləri, yaradıcılığı haqqında məlumat verilir. Onun əsərləri, eyni zamanda, dövlət idarəçiliyi üçün kadrların yetişməsi istiqamətində böyük elmi mənbədir. Ramiz Mehdiyev həm filosof alim, həm də ictimai-siyasi xadim kimi böyük nüfuza malikdir. Onun əsərləri bu gün də, sabah da araşdırmaçılar üçün tədqiqat obyektidir. Milli Kitabxana tərifindən belə bir layihənin gerçəkləşməsi olduqca təqdirəlayiqdir, bu istiqamətdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri Bəxtiyar Əliyev, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Prezident Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Mayıl Əhmədov çıxış edərək akademikin dövlətçilik tariximizdəki xidmətlərindən, elmi fəaliyyətindən söz açıblar. Natiqlər Ramiz Mehdiyev haqqında belə bir biblioqrafiyanın hazırlanması və elektron məlumat bazasının təqdim edilməsini yüksək qiymətləndiriblər. Bu işdə əməyi olan hər kəsə minnətdarlıq ifadə olunub.

Sonda kitabla bağalı müzakirələrə yekun vuran Kamal Abdulla təhsil müəssisələrində və elm ocaqlarında Ramiz Mehdiyevin yaradıcılığına həsr edilən “dəyirmi masa”ların keçirilməsinin vacibliyini vurğulayıb.