YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Mayın 3-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə “Ruhu zəfərlərə çağırır bizi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə hərbi hissənin ərazisində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbirdə çıxış edərək bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında olduğu kimi, ordu quruculuğu və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, hərbi peşələrə yiyələnməsi istiqamətində də tarixi xidmətlər göstərib. Bu gün Silahlı Qüvvələrin bütün qoşun növlərində, birlik və birləşmələrində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri olan minlərlə zabit Vətənə və dövlətə sədaqətlə xidmət edir, əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputat Elman Nəsirov çıxışlarında ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndər 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi zaman, Milli Ordunun olmadığı bir vaxtda Naxçıvanı Ermənistan silahlı qüvvələrinin təcavüzündən qorumaq üçün Naxçıvan Milli Müdafiə Komitəsini yaradıb. Bu qurumun bazasında gücləndirilmiş əlahiddə briqada, bir neçə il əvvəl isə dahi liderin arzuları reallaşaraq Əlahiddə Ümumqoşun Ordu formalaşdırılıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra vahid mərkəzdən idarə olunan nizami ordu yaranıb. Ordu quruculuğu prosesi bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın Milli Qəhrəmanı, birlik komandiri, general-leytenant Rövşən Əkbərov, ehtiyatda olan polkovnik Şair Ramaldanov, ədliyyə polkovniki Zöhrab Kazımov çıxış edərək ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində misilsiz xidmətlərindən söz açıblar. Qeyd edilib ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə başlayan Ümummilli Liderimiz uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində qısa müddətdə müasir tələblərə cavab verən güclü Azərbaycan Ordusunun yaradılmasına nail olub.