YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda insan hüquq və azadlıqlarının müdafiəsinə dair elmi-nəzəri konfrans keçirilib

Mayın 3-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva tədbiri açaraq bildirib ki, müasir dövrdə insan hüquqları sahəsi yeni imtahanlarla, mürəkkəb problemlərlə qarşılaşıb. O, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən görülən işlərdən, qəbul edilən qərarlardan danışıb.

Konfransda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edib. Fərhad Abdullayev deyib ki, 2018-ci il əlamətdar hadisələrlə zəngindir. Prezident İlham Əliyev bu ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bu il bir çox dövlət qurumlarının yüzillik yubileyi qeyd ediləcək. Bu gün əldə edilən nailiyyətlər heç də asan başa gəlməyib.

Sədr 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbulunun ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətlərindən biri olduğunu qeyd edib. O, Konstitusiyamızda insan hüquq və azadlıqlarının geniş təsbit olunduğunu vurğulayıb.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində fəaliyyətindən danışıb. Bildirib ki, bu gün dünyadakı gərgin ictimai-siyasi vəziyyət fonunda Azərbaycandakı sabitlik bir nümunədir.

Sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı Əmir Əliyev, Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri Ayxan Rüstəmzadə, BDU-nun kafedra müdiri Alış Qasımov, universitetin kafedra müdirinin müavini Elşad Nəsirov, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova və digərləri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.