YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Ombudsmanın illik hesabatı dinlənilib

Bu gün Azərbaycanın insan hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Milli Məclisdə 2017-ci ilin illik hesabatını təqdim edib.

Bildirilib ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, ombudsmanın illik məruzəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib. “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2017-ci il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Qeyd olunub ki, ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb. Qeyd edilənlər baxımından, İqtisadiyyat və Vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir.

Həmçinin hesabatda sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarına yol verilməsi məsələsi qeyd olunub.

Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz: “Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.

Hesabat müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.