Xəbərlər
Eldəniz Səlimov: Ölkəmizin inkişaf dinamikasında regionların özünəməxsus yeri var
«Ölkəmizin inkişaf dinamikasında regionların özünəməxsus yeri var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində həyata keçirilən tədbirlər bu sahədə mühüm uğurların əldə edilməsini şərtləndirib». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
E.Səlimov bildirib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və son 15 ildə əldə edilən nailiyyətlər bunu təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı, infrastrukturun yenilənməsində də əsaslı rol oynayır.
«Son 15 ildə respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını təmin edib. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məlumdur ki, ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və ikisi artıq uğurla həyata keçirilib. Hər iki dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində yerlərdə istehsal və emal potensialı gücləndirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda, üçüncü dövlət proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir»-deyə, deputat qeyd edib.