YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayon gənclərinin seçimi cənab İlham Əliyevdir

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayon gəncləri ilə keçirilib.

Tədbirdə cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.

Sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyib. O deyib ki, gənclər intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər. Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər: “Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında mümkün olub. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Bu səbəbdən də, gənclər hər zaman ictimai-siyasi proseslərdə avanqard qüvvə olublar və əminəm ki, qarşıdan gələn Prezident seçkilərində gənclərimiz fəal olacaq, YAP-ın namizədi cənab İlham Əliyevin qələbəsi üçün bütün imkanlarını səfərbər edəcəklər”.

Çıxış edənlərdən YAP Gənclər Birliyi Ofisinin rəhbəri, partiyanın Gənclər Birliyinin sədr müavini Əli Pənahov, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Sevinc Abdullayeva, Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, rayon sakini Qadir Əliyev, Lamiyə Əhmədova və başqaları çıxış edərək gəncləri seçkilərdə daha fəal olmağa səsləyiblər.

Tədbirdə gənclərin ümumi fikri isə bundan ibarət olub ki, onlar bu dəfəki Prezident seçkilərində də fəal olacaq, səsvermə məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklər.