YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Levan İzoria: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib. İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.

Elmar Məmmədyarov martın 15-də Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən bəhs edərək, bu görüşün ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni format olduğunu bildirib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Levan İzoria Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini deyib. Strateji tərəfdaşlığımızın və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyin təmin olunmasına, xüsusilə ölkələrimizin iştirakı ilə reallaşan irimiqyaslı nəqliyyat və enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.