YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Tariximizin, mədəniyyətimizin, incəsənətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır

«Ölkəmizdə qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində - ictimai, siyasi, mədəni, hüquqi, sosial, təhsil, iqtisadi və digər sahələrdə uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər. Əslində, bu, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı mühüm ənənələrdən biridir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, tariximizin, mədəniyyətimizin, incəsənətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Onun sözlərinə görə, qadınlarımız tarixin müxtəlif dövrlərində bir çox sahələrdə müvəffəqiyyətlə təmsil olunaraq səmərəli, uğurlu nəticələr əldə ediblər, Azərbaycan xalqının istedadı və potensialını nümayiş etdiriblər.

«Təqdirəlayiq haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən belə işgüzar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı qadınlarımız var. Bu mənada, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün nümunə və iftixar mənbəyidir. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə uzlaşdırılan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Çünki onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir»-deyə, A.Naxçıvanlı vurğulayıb.