YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İrandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Azərbaycanın İrandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. Bəyanat yerli mətbuatda fars və ingilis dillərində dərc olunub.

Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin ağır texnikası şəhərə yeridilib, cinayətkarlar dinc insanları amansızcasına qətlə yetiriblər. Şəhər yerlə -yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı zamanı 613 nəfər insanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək, əsas hüquqları kobudcasına pozulub.

Bildirilir ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü bildirib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının, soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilir.

Qeyd edilir ki, son dövrlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti dünyada pislənilir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıblar. Habelə ABŞ-ın 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında müvafiq qətnamələr qəbul olunub.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.

Bəyanatda deyilir: “Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək bildiririk ki, ikili standartlara yol vermədən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlər isə məsuliyyətə cəlb edilməlidir. Nüfuzlu beynəlxalq qurumlar birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməli, onu törədənlərə tezliklə ədalətli cəzaların verilməsi üçün səylərini artırmalıdırlar.

Hər il fevral ayının 26-da minlərlə insan Xocalı soyqırımı abidəsini ziyarət edir, şəhidlərin xatirəsini yad edir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, soyqırımını törədənlərə dərin nifrətini bildirir. Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yaşayacaq”.