YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Odessada Ermənistanın baş konsulluğu qarşısında Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Ermənistanın baş konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Əvvəlcə şəhərin mərkəzi hissəsində “Xocalı soyqırımı”, “Cinayətkarlar cəzalandırılsın!”, “Xocalıya ədalət!” şüarları ilə avtomobil yürüşü keçirilib. Aksiya iştirakçıları Ermənistanın Odessadakı baş konsulluğu qarşısında toplaşıblar.

Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunması ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.