YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına əlavə olaraq 1,8 milyon manata yaxın vəsait ayrılacaq

Azərbaycan Prezidenti İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Fərman və Sərəncamların icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 milyon manata yaxın vəsait ayrılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri qeyd edib ki, Prezidentin fevralın 22-də verdiyi Fərman və Sərəncamlarla Prezidentin müvafiq kateqoriyalardan olan şəxslər üçün fərdi və fəxri adlara görə təqaüdləri növbəti dəfə artırılıb. Həmin Fərmana əsasən ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həmin şəxslərə Prezidentin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən 1300 manatdan 1450 manata çatdırılacaq. Fərman 415 nəfərə şamil olunacaq.

Nazirliyin təmsilçisi qeyd edib ki, fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı Sərəncam isə bu təqaüdlərin məbləğinin 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur. “Xalq” və “Əməkdar” fəxri adı alan şəxslərdən hazırda 2801 nəfərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilir: "Qeyd olunan 2801 nəfər işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü alanlardır. Fəxri ad alanlardan büdcə təşkilatında işləyənlər isə həmin təşkilat tərəfindən Prezidentin aylıq təqaüdləri ilə təmin olunurlar”.