YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımıza Ermənistanın dezinformasiyasına uymamağı tövsiyə edirik

Digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Fransa Xarici İşlər Nazirliyinin açıqlamasını şərh edərkən bildirib.

Hikmət Hacıyev deyib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrinin qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinə dair tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Respublikası Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərdə və BMT TŞ-nin qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi torpaqlarına qayıtması barədə açıqlaması münaqişənin həlli prosesinin vacib humanitar prinsiplərindən biridir. Münaqişənin həlli üzrə danışıqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı və digər həmsədrləri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin demoqrafik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni və dini irsinin məhv edilməsi halları ciddi narahat etməlidir. Bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın Xarici İşlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şengen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmaları və təbliğatla məşğul olmalarıdır.