YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sektoru ilə yanaşı, təhlükəsizlik və nəqliyyat sahələrində də dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirilib. Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara da toxunublar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətini məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.

Nazir münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edib, Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.