YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Dadli: “Şahdəniz-2” 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir

“Şahdəniz-2” layihəsi, yəni Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi 2018-ci ildə fəaliyyətə başlayacaq.

Bu barədə BP şirkətinin baş icraçı direktoru Robert Dadli Londonda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, “Şahdəniz-2” “Cənub Qaz Dəhlizi” meqa-layihəsinin bir hissəsidir: “Bu bizim ən mürəkkəb layihəmizdən biridir. Layihə 6 ölkəni və 11 səhmdar şirkəti əhatə edir. Yekun investisiya qərarı qəbul ediləndən ötən 4 ildə layihə üzrə 176 milyon nəfər-saat iş görülüb. “Şahdəniz-2” 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir”.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 16 quyu qazılıb. Həmin quyulardan 6-sı tamamlanıb, yəni istismara hazır vəziyyətə gətirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. “Şahdəniz-2” üçün tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Xankəndi gəmisi yataqda sualtı qurğuların quraşdırılması işlərinə başlayıb. “Şahdəniz-2” yatağından ilk təbii qaz hasilatına bu il ərzində başlanması nəzərdə tutulur.

Hazırda “Şahdəniz-2” üzrə dənizdəki qurğular, sualtı boru kəmərləri, genişləndirilən Səngəçal terminalı və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində (CQBKG) istismar sınaqları aparılır. Bundan başqa, Gürcüstandakı kompressor və nəzarət-ölçü stansiyalarında istismar sınaqları davam edir. Ümumilikdə “Şahdəniz-2” yatağının tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər 99 faiz icra olunub.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının cari ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizinin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.