YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəlikləri 110 faiz yerinə yetirib

“SOCAR Gürcüstan Hökuməti qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirib. SOCAR bundan sonra Gürcüstan əhalisinin qazlaşdırılması və bu ölkənin iqtisadiyyatına investisiya yatırımlarını məqsədyönlü şəkildə davam etdirəcək”.

Bu sözləri SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov söyləyib.

M.Məmmədovun sözlərinə görə, SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəlikləri 2017-ci ilin dekabrında başa çatdırıb. Öhdəliklərə uyğun olaraq Gürcüstan iqtisadiyyatına 250 milyon dollar həcmində sərmayə yatırılmalı və 250 min abonent təbii qazla təmin olunmalı idi. Götürülən öhdəliklər artıqlaması ilə, 110 faizdən də çox yerinə yetirilib. Bununla bağlı hesabat da hazırlanıb və Gürcüstan hökumətinə təqdim olunub.

Gürcüstan hökumətinin də tanıdığı və qəbul etdiyi beynəlxalq müstəqil auditor şirkəti bu öhdəliklərin icra vəziyyətini araşdırıb və qiymətləndirib. Beynəlxalq auditor şirkətinin və SOCAR-ın hazırladığı hesabatlardakı rəqəmlər üst-üstə düşür. Auditor təşkilatı da hazırladığı həmin hesabatı yanvarın 25-də Gürcüstan hökumətinə təqdim edib. Hökumət yaxın vaxtlarda hesabatla bağlı fikirlərini açıqlayacaq.

M.Məmmədov deyib ki, öhdəliklər tam yerinə yetirilsə də Gürcüstanda əhalinin qazlaşdırılması ilə bağlı işlər hələ başa çatmayıb. Qazlaşdırılması asan olan ərazilərdə, eləcə də dağlıq və qazlaşdırılması daha çətin ərazilərdə yaşayan insanların “mavi yanacaqla” təmin olunmasına ehtiyac var. SOCAR bu sahədə işlərini davam etdirəcək. Eyni zamanda, ölkə ərazisində yeni yanacaqdoldurma stansiyaları tikiləcək. Bu məntəqələr əsasən magistral yollarda və yeni infrastruktur layihələrin icra olunduğu ərazilərdə tikilib istifadəyə veriləcək.

“Amma bu işlər, yəni qazlaşdırılma və investisiya yatırımları artıq öhdəlik kimi deyil, məqsədyönlü şəkildə həyata keçiriləcək”, - deyə, M.Məmmədov vurğulayıb.