YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yusuf Məmmədəliyev: Ölkəmizdə gənclər siyasəti prioritet sahələr sırasındadır

«2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Forumu keçirilmişdi. Bu müasir Azərbaycan tarixində dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin dönüş nöqtəsidir. Yenicə müstəqillik qazanmış, siyasi və sosial böhran dövründən, Qarabağ cəbhəsində ağır döşyüşlərdən çıxmış Azərbaycan gəncliyinin təmərküzləşməsinə, ölkənin inkişafı yolunda fəaliyyətinin koordinasiyasına böyük ehtiyac var idi. Uzaqgörən siyasətçi Heydər Əliyev bunu yaxşı bilirdi və bu forumu keçirməklə, ondan bir qədər sonra Azərbaycanda Gənclər Gününü təsis etməklə, vacib bir siyasi xəttin təməlini qoydu». Bu fikirləri yap.org.az saytına müsahibəsində Birinci vitse-prezidentin köməkçisi, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Y.Məmmədəliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də davam edir, dövrün tələblərinə uyğun şəkildə icra olunur. Onun sözlərinə görə, ölkəmizdə gənclər siyasəti prioritet sahələr sırasındadır.

«Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da artırılması, məşğulluq, sağlamlıq, sosial və digər problemlərinin həllinə dəstək olmaqdır. Ölkə gəncliyinin innovativ potensialını nəzərə alaraq, bu istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv fikir mübadiləsi həyata keçirmək, ən əsası isə rəqabətə davamlı kadrların formalaşdırılması, hazırda qarşıda duran prioritet istiqamətlərdəndir. Azərbaycan gəncliyi öz gələcəyi ilə ölkənin gələcəyini bərabər görməli, bu gələcəyin daha gözəl olmasına inamlı olmalıdır»-deyə, Y.Məmmədəliyev vurğulayıb.