YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans işə başlayıb

Sentyabrın 12-də Bakıda, “Jumeirah Bilgah Beach” otelində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans işə başlayıb.

Birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi “ADEX 2014” çərçivəsində keçirilən konfransda 100-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak edirlər.

Tədbirdə müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunur.

Konfransda Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək bildirib ki, respublikamızın son illər beynəlxalq aləmdə qazandığı uğurlar onu deməyə əsas verir ki, artıq Azərbaycan bütün sahələrdə davamlı inkişafa nail olub. Bakıda keçirilən beynəlxalq sərgidə dünyanın 34 ölkəsindən 200-dən çox şirkət və rəsmi heyət iştirak edir. Sərgidə xeyli sayda ölkələrin şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Hazırda dünyanın 34 ölkəsinin hərbi sənaye kompleksi ilə və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri yaratmağa nail olmuşuq. Ümidvaram ki, sərginin keçirildiyi müddətdə əməkdaşlıq etdiyimiz tərəfdaşların sayı daha da artacaq.

Nazir diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi illərdən bu günədək uğurlu inkişaf yolu keçib. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilib. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması və ölkədə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin nazirliyə tabe edilməsi Azərbaycanda müdafiə sənayesinin inkişafına böyük təkan verib. Ötən müddətdə biz yeni və müasir istehsal sahələri yaradaraq davamlı inkişafa nail olmuşuq. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsinə də xüsusi diqqət göstərməklə müxtəlif beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri yaratmışıq.

Sonra Türkiyə Respublikası Müdafiə Sənayesi Müsteşarı İsmail Demir, Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Richard Fontaine və gigər şəxslərin məruzələri dinlənilib.

Konfransda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin hazırladığı filim nümayiş edilib.