YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin - “ADEX 2014”ün açılışı olub.

Mərasimdə dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra ölkələrin müdafiə nazirləri, müdafiə nazirlərinin müavinləri, qərargah rəisləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev  Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək ölkəmizdə və regionda ilk dəfə keçirilən
Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin (“ADEX 2014”) açılışı münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu səbəbdən Azərbaycanın müdafiə qüdrətinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ölkəmizdə müdafiə sənayesi sürətlə inkişaf edir.

Nazir diqqətə çatdırıb ki, bu sərginin keçirilməsi ideyası son illər ölkəmizin müdafiə sənayesində əldə olunan uğurlarla bağlıdır. Bütün sənaye sahələrində müşahidə olunan inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda fəal iştirakçıya və strateji tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr regionda təhlükəsizliyin və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı sürətlə genişləndirir. Sərgi çərçivəsində də müxtəlif şirkətlərlə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edilib ki, “ADEX 2014” sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir.

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın səkkiz milli qrupları öz ekspozisiyalarını nümayiş etdirirlər.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir.
Sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələri, xüsusi təyinatlı vasitələri, informasiya texnologiyaları, rabitə sistemləri və vasitələri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə nümayiş olunacaq.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

DİGƏR Xəbərlər Arxiv