YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qırğızıstan arasında Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib

Sentyabrın 10-da Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib.

Əvvəlcə Qırğızıstan Respublikasının Baş nazirinin müavini Tayırbek Sarpaşevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu bildirilib.

Sonra Hökumətlərarası Komissiyanın iclası keçirilib.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan və Qırğızıstan xalqlarının əsrlər boyu həmişə sülh və dostluq şəraitində yaşadığını qeyd edib. Qırğızıstan və Azərbaycan indi müstəqil dövlətlər kimi bu dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirirlər. Y.Eyyubov deyib ki, hər iki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Əminliklə bildirilib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Yaqub Eyyubov bildirib ki, bu uğurun təməlində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasət dayanır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmiz günbəgün yenilənir, inkişaf edir.

Vurğulandı ki, artıq Azərbaycan inkişaf etmiş iqtisadiyyata malikdir. Ölkəmizdə təkcə neft sənayesi deyil, qeyri-neft sektoru da sürətlə inkişaf etməkdədir. Bunu müxtəlif təşkilatların statistik göstəricilərində müşahidə etmək olar.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən də danışan Y.Eyyubov bildirib ki, bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, tarixi-mədəniyyət abidələrimiz tamamilə dağıdılıb.

Qırğızıstan tərəfdən komissiyanın həmsədri, Baş nazirin birinci müavini Tayırbek Sarpaşev çıxış edərək bildirib ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. O, qarşılıqlı tərəfdaşlıq üçün müxtəlif səviyyələrdə görüşlərin keçirildiyini xatırladaraq, bu komissiyanın da əlaqələrin inkişafının sürətlənməsinə xidmət etdiyini deyib.

Səfəri zamanı gözəl və inkişaf etmiş bir Azərbaycan gördüyünü deyən qonaq ölkəmizin regionlarında aqrar sənayenin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Tayırbek Sarpaşev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Bildirilib ki, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensial mövcuddur. O, bu yaxınlarda açılacaq Bakı və Bişkek aviareysinin ölkələrimiz arasında əlaqələri daha da yaxşılaşdıracağını deyib.

Baş nazirin birinci müavini T.Sarpaşev deyib ki, ötən iclasda qərara alınmış razılığa əsasən Bişkekin mərkəzində ümummilli lider Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının salınması üçün artıq bütün hazırlıq işləri görülüb.

İclasda nəqliyyat, rabitə, turizm, humanitar sahələrində hüquqi bazanın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.