YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixeil Canelidze: Gürcüstan ilə Azərbaycan yüksək səviyyəli qonşuluq əlaqələri və güclü tərəfdaşlıq qurub

Gürcüstan ilə Azərbaycan qarşılıqlı anlaşma və uzaqgörən baxışa əsaslanan yüksək səviyyəli qonşuluq əlaqələri və güclü tərəfdaşlıq qurub. Bu xüsusda, iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əlaqələr möhkəmlənib və regional səviyyədə əhəmiyyətli layihələrin inkişafına nail olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikirlər Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin azərbaycanlı həmkarı Elmar Məmmədyarova ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb.

Nazir xalqlarımız arasında mövcud əlaqələrin və iki ölkənin yaxın münasibətlərinin ortaq maraqlar, möhkəm tarixi təməl üzərində qurulmuş ənənəvi dostluqla tam uzlaşdığını diqqətə çatdırıb. O, strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə və gələcəkdə daha çox nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Mixeil Canelidze ikitərəfli münasibətlərin dərinləşdirilməsi və çoxtərəfli formatlarda birgə maraqların təşviqində iki ölkənin Xarici İşlər nazirliklərinin effektiv və nəticəyönümlü işindən məmnunluğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov gürcü həmkarına ünvanladığı məktubda ötən 25 il ərzində Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrində nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu bildirib. Həmçinin Elmar Məmmədyarov əldə olunan nailiyyətlərin iki ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verdiyini, onların çiçəklənməsinə xidmət etdiyini vurğulayıb. Bu xüsusda o, iki ölkə arasında münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Gürcüstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair davamlı və prinsipial mövqeyini yüksək qiymətləndirib.

Məktubda möhkəm dostluq əlaqələrinə əsaslanan ikitərəfli münasibətlərin beynəlxalq müstəvidə qarşılıqlı dəstəklə ifadə olunmasının vacibliyi qeyd edilib.

Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin davamlılığının birgə regional layihələrin həyata keçirilməsində mühüm rol oynaması ilə yanaşı, bölgədə əməkdaşlıq və inkişafın təməlini qoyduğunu bildirib. Bu xüsusda, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismarının birgə strateji siyasətin effektivliyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Nazir bildirib ki, birgə həyata keçirilmiş bu layihələr iki xalqın rifahının yüksəlməsinə xidmət göstərir, eyni zamanda, regionun nəqliyyat və ticarət qovşağı kimi əhəmiyyətini sübut edir.

 

DİGƏR Xəbərlər Arxiv