YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Azərbaycan və Rusiya strateji tərəfdaşlardır

Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun “ADA” Universitetində tələbələrlə görüşü olub.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev Rusiya xarici siyasət idarəsi rəhbərinin bu ali təhsil ocağında ikinci dəfədir tələbələrlə görüşdüyünü deyib. O bildirib ki, “ADA” Universiteti Rusiya universitetləri ilə sıx əməkdaşlıq edir, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MDBƏİ), Moskva Dövlət Universiteti (MDU) və digər ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsi aparır. Hafiz Paşayev Azərbaycan və Rusiya ali təhsil müəssisələri arasında ilk forumun məhz Bakıda keçirildiyini bildirib.

Sergey Lavrov qeyd edib ki, “ADA” Universiteti 11 il ərzində tam əhatəli bir təhsil müəssisəsinə çevrilib. O, burada rusiyalı tələbələrin oxumasının, həmçinin azərbaycanlı gənclərin Rusiya universitetlərində təhsil almasının təhsil sahəsinin ikitərəfli inkişafının yüksələn xətlə davam etdiyini göstərdiyini deyib.

Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir Azərbaycanın və Rusiyanın strateji tərəfdaşlar olduğunu vurğulayıb. “Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir, Qafqaz, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə birgə töhfələr verir. İki ölkə rəhbərləri arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın inkişafına böyük impuls verir. Azərbaycan və Rusiya ikitərəfli əlaqələrin tükənməz potensialından çox istifadə etməlidir”, - deyə nazir qeyd edib.