YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncam imzaladı.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasındakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıtmışdır. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir. 

2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi” qəbul edilmişdir.

“Bu çərçivədə 2009-cu ilin oktyabrında Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilən görüşdə “Bakı prosesi – dialoq və mədəni müxtəlifliyə dəstək: Sivilizasiyalar arasında dialoq naminə yeni çağırışlar” adlı kommünike qəbul edilmişdir. 2010-cu ildə “Bakı Prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlamışdır.

Ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.

Beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri vardır. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirmişdir” – sənəddə belə deyilir.

Sənəddə daha sonra qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan “Bakı Prosesi”ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.

Sərəncana əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Sərəncamın digər bəndinə əsasən, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçirilməli və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilməlidir.