YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana səfər edəcəklər

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-9-da Azərbaycana işgüzar səfər edəcək.

Dövlət Komitəsindən bildiriblər ki, səfərin məqsədi yerli bələdiyyələr və özünüidarəetmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahələrində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir. Bu məqsədlə nümayəndə heyətinin Azərbaycanın müvafiq dövlət orqanlarında görüşlərinin keçirilməsi, Bakı şəhərinin müasir siması ilə tanışlığı və Azərbaycanın müxtəlif regionlarındakı mədəniyyət, tarixi-memarlıq abidələrini ziyarəti nəzərdə tutulur.

Nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfər edəcək. Qonaqlar Cocuq Mərcanlı kəndində işğaldan azad olunduqdan sonra qısa müddətdə aparılmış və davam edən tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olacaq, “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edəcək, Azərbaycan-Türkiyə Qardaşlıq Parkının salınması məqsədilə ağacəkmə kampaniyasının və Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “qardaş şəhər” niyyət protokolunun imzalanması mərasimində iştirak edəcəklər.

Səfər çərçivəsində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.