YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qabriella Battaini-Draqoni: Son illərdə Bakı dünya səviyyəli mədəniyyətlərarası və dinlərarası müzakirələr keçirilən mühüm məkana çevrilib

Yəhudi Xəbərlər Agentliyi (YXA) “Dini liderlər Avropa Şurasının baş katibinin müavini ilə görüşüblər” adlı məqalə dərc edib. Məqalədə Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoninin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin iqamətgahında Azərbaycanın müsəlman, yəhudi və xristian konfessiyalarının ruhani liderləri ilə görüş barədə söhbət açılır.

Məqalədə deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə, Bakı Dağ Yəhudiləri Dini İcmasının idarə heyətinin sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri arxiyepiskop Aleksandr və digər ruhani liderlər xanım Qabriella Battaini-Draqoniyə respublikada konfessiyaların fəaliyyəti, ölkədə mədəniyyətlərarası və dinlərarası dialoqun uğurları, dövlət strukturları ilə konstruktiv əməkdaşlıq barədə danışıblar.

Milix Yevdayev YXA-ya müsahibəsində deyib: “Mən Qabriella Battaini-Draqoniyə Azərbaycanın yəhudi icmalarının fəallaşması, yəhudi xalqının çoxəsrlik tarixinə, mədəniyyətinə və ənənələrinə respublika yəhudilərinin maraq və diqqətinin ilbəil artması barədə danışdım. O cümlədən, Bakının mərkəzində dağ yəhudilərinin yeni sinaqoqunun tikilməsi, bu sinaqoqun Azərbaycandakı minlərlə yəhudini cəzb edən mənəvi mərkəzə çevrilməsi faktını qeyd etdim”.

Qabriella Battaini-Draqoni konfessiyaların liderləri ilə görüşdə qeyd edib ki, son illərdə Bakı dünya səviyyəli mədəniyyətlərarası və dinlərarası müzakirələr keçirilən mühüm məkana çevrilib.

Milix Yevdayev YXA-ya müsahibəsində vurğulayıb: “Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev Bakıda yenicə başa çatmış, mədəniyyətlərarası dialoq, mədəniyyət və din arasında qarşılıqlı əlaqə problemlərinə və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş beynəlxalq görüşün iştirakçılarına müraciətində qeyd edib ki, Bakı beynəlxalq multikulturalizm mərkəzi dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqi və qazanılmış müsbət təcrübənin təbliği ilə məşğul olur.

Azərbaycan konfessiyalarının ruhani liderləri xanım Qabriella Battaini-Draqoniyə belə bir ümumi fikir ifadə ediblər ki, Bakı beynəlxalq multikulturalizm mərkəzi sivilizasiyanın mənəvi sərvəti olan mədəni müxtəlifliyin dərindən öyrənilməsində uğurlar qazanacaq, insanları ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlərlə tanış etmək sahəsində bizim xoş niyyətlərimizin gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaqdır”.

 

DİGƏR Xəbərlər Arxiv