YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kazuyasu İşida: Bakıda keçiriləcək Yaponiya məhsulları sərgisi iki ölkənin dostluq münasibətlərini daha da möhkəmləndirəcək

Bakıda keçiriləcək Yaponiya məhsulları sərgisi iki ölkənin dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Bu barədə Bakıda keçirilən Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Yaponiya Məhsulları Sərgisinin (Japan Expo) Təşkilat Komissiyasının sədri, “Worldinvestors Internet” TV-nin rəhbəri Kazuyasu İşida deyib.

K.İşida bildirib ki, oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil ediləcək “Japan Food Expo-2017” sərgisi hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq, dostluq münasibətlərini möhkəmləndirəcək, ölkələr haqqında təsəvvürü daha da genişləndirəcək. Sərgiyə daha çox iştirakçının cəlb olunması üçün bir çox işlər görülüb, bununla əlaqədar tədbirlər təşkil olunub. Yapon məhsulları sərgisində 60-dan çox şirkətin məhsulları nümayiş etdiriləcək, sərgidə iştirak etmək üçün Yaponiyadan 200 nəfər gəlib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının baş direktoru Faiq Hüsiyev bildirib ki, 2006-cı ildə Azərbaycan Prezidentinin Yaponiyaya səfəri iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldib: “Yaponiya Qafqazda ilk səfirliyini Azərbaycanda açıb. Bunu Yaponiyanın Azərbaycana marağı kimi qeyd edə bilərik. Hazırda Yaponiyada Azərbaycan səfirliyi ilə yanaşı, Yaponiya-Azərbaycan Dostluq Mərkəzi də fəaliyyət göstərir”. F.Hüsiyev Azərbaycanın iqtisadiyyatında baş verən dinamik inkişaf barədə məlumat verib.

Daha sonra sərgidə iştirak edəcək yapon şirkətlərinin nümayəndələri öz fəaliyyətləri və Azərbaycan barədə yaranmış təəssüratları barədə jurnalistlərə açıqlama verib. Bildiriblər ki, sərgi Yaponiya mədəniyyətinin təbliğində mühüm rol oynayır. Azərbaycanın sürətli inkişafı, əhalinin qonaqpərvərliyi və milli mədəniyyətimiz barədə müsbət fikirlər səsləndirən şirkət nümayəndələri Azərbaycana bir daha gəlmək istədiklərini bildirib və sərginin işinə uğurlar arzulayıblar.