YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir müavini ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində Litva ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin mövcud olduğunu bildirib. X.Xələfov, həmçinin Azərbaycanın birbaşa təşəbbüskarı və ya iştirakçısı olduğu irimiqyaslı enerji və nəqliyyat layihələri barədə qonaqları məlumatlandırıb. O, bu ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminin baş tutacağını bildirib, bu qəbildən olan nəhəng layihələrdə birgə iştirakın ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına xidmət edəcəyini vurğulayıb. X.Xələfov oktyabrın 26-27-də Vilnüsdə Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən X.Xələfov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini və rəsmi Yerevanın destruktiv siyasət yürütdüyünü diqqətə çatdırıb.

Parlamentlərarası əlaqələrə toxunan nazir müavini Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciətin qəbul edilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Xanım İrena Şiauliene dost ölkədə olmasından və iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib. O, Azərbaycanın qlobal layihələrin təşəbbüskarı və iştirakçısı kimi mühüm rolunu təqdir edib. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin böyük rolunun olduğunu vurğulayan İ.Şiauliene Azərbaycan və Litva parlamentarilərinin Baltik, GUAM parlament assambleyalarında uğurla əməkdaşlıq etdiklərini, Litva Seymində 65 nəfərdən ibarət ən böyük dostluq qrupunun məhz Azərbaycan ilə olmasının ikitərəfli əlaqələrimizin bariz göstəricisi olduğunu qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.