YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə olunub

Oktyabrın 20-də Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. Müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicəyə cəlb olunacaq. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar.

Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar təklif olunur. Həmin Sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Qeyd edilənlərə əsasən təqdim olunan qanun layihəsində Cinayət Məcəlləsinə müəyyən istiqamətlər üzrə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, bu dəyişikliklərə cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqinin genişləndirilməsi, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi məsələləri daxildir.

Beləliklə, təqdim edilən qanun layihəsində qeyd olunan istiqamətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsində müvafiq dəyişikliklər edilib. Eyni zamanda, layihədə Cinayət Məcəlləsinin müvafiq maddələri normayaratma texnikası baxımından təkmilləşdirilib.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışan Milli Məclisin deputatları qeyd ediblər ki, Məcəlləinin həm ümumi, həm də xüsusi hissəsinə təklif olunan dəyişikliklər cəza siyasətinin humanistləşdirilməsi məqsədindən irəli gəlir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.