YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Sərəncam imzaladı.

Sənəddə qeyd olunur ki, 2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.

Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formalarıyla son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirmişdir. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.

Sərəncama əsasən, Qara Qarayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilmişdir.