YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurasında Azərbaycanın mədəni irsinə qarşı yönələn təxribatların arxasında siyasi məqsədlərin dayandığı bildirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sərbəst müzakirələrlə başa çatıb.

Avropanın siyasi, iqtisadi, mədəni, elmi həyatı üçün aktuallıq kəsb edən və payız sessiyasının gündəliyində nəzərdə tutulmamış məsələlər ətrafında çıxışlar edilib.

Nümayəndə heyətimizin üzvü Rafael Hüseynov Azərbaycan mədəni irsinə qarşı müəyyən qüvvələrin təsiri ilə törədilən təxribat səciyyəli hücumlara diqqəti çəkərək, hər peşə sahibinin, eləcə də siyasətçinin, alimin ədalətli, obyektiv olmasının, həqiqətləri təhrif etməməsinin daim riayət edilməli mühüm əxlaqi prinsip sayıldığını qeyd edib. Bildirib ki, peşə etikası var və hər bir insan öz peşəsində vicdanlı, düz olmalı, riyakar olmamalıdır. Ancaq təəssüf ki, heç kim, eləcə də siyasətçilər ali əxlaqi prinsiplərə riayət etmirlər.

Milli Məclisin deputatı İranda yaşayan, ermənilərin tarixi üzrə mütəxəssis sayılan, ermənilərlə müştərək bir sıra əsərləri olan Oksford Universitetinin əməkdaşı Edmund Herziqin Azərbaycanla bağlı ardıcıl qərəzli fəaliyyətlərindən söz açıb. O, Los-Ancelesdə Kaliforniya Universitetində böyük əksəriyyəti ermənilərin təşkil etdiyi auditoriya qarşısında yalanlar və saxtakarlıqlar üstündə qurulmuş xüsusi məruzə ilə çıxış edən Edmund Herziqin Azərbaycanın mədəni keçmişini və tarixini təhrif etməsindən danışıb.

Rafael Hüseynov bu qəbil şəxslərin əməllərinin şərə xidmət etdiyini vurğulayaraq deyib: “Bu gün Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir, Ermənistan müəyyən xarici güclərin köməyi ilə Azərbaycan ərazilərinin bir hissəsini işğal edib və münaqişə davam edir. Bu münaqişənin tarixi köklərini araşdıranda görürük ki, iki xalq arasında təfriqəni, qarşıdurmanı yaradan həmişə iblis xislətli qüvvələr olub. Edmund Herziq alim adlanacaq şəxsə qətiyyən yaraşmayan əməlləri ilə bu gün həmin məkrli siyasətə xidmət edir”.

Deputat ixtisasca şərqşünas və ermənişünas, elmdən müxtəlif siyasi oyunlar naminə riyakarcasına istifadə edən, tez-tez maskasını dəyişən Edmund Herziqin dünyanın ən güclü elm və təhsil mərkəzlərindən olan Oksford Universitetinin professoru olmasının təəssüf doğurduğunu bildirib.

Milli Məclisin deputatı siyasi konyukturlara uyaraq tarixi və elmi həqiqətləri təhrif edən belə araşdırıcının işlədiyi elm və təhsil ocağının nüfuzuna xələl gətirdiyini vurğulayaraq, AŞPA-nın Böyük Britaniyadan olan üzvlərini bu məsələdə prinsipial mövqe nümayiş etdirməyə çağırıb.