YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir

“Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

“Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir”, - deyə ölkəmizin başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir.