YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan dövləti qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan insanlara yüksək qayğı göstərir

«Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məhrum olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Onun sözlərinə görə, son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

«Bugünlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən qəsəbədə üç binanın istifadəyə verilməsi dövlətin bu insanlara qayğısının təzahürüdür.  Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkün soydaşlarımız üçün ölkənin müxtəlif şəhər və rayonlarında yeni qəsəbələrin salınması müvəqqəti xarakter daşıyır. Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində o mövqedən çıxış edir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapmalı və zəbt olunan bütün torpaqlar geri qaytarılmalıdır. Hələlik ölkəmiz xoş məram nümayiş etdirərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda fəal iştirak edir. Ancaq danışıqlar sonsuzluğadək davam edə bilməz. Danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacaq»- deyə, E.Məmmədov vurğulayıb.