YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gimnastika Federasiyası: Sürətli inkişaf və parlaq nailiyyətlərlə zəngin olan 15 il

Oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyası (AGF) 15 illik yubileyini qeyd edir.

AGF-in 2002-ci il oktyabrın 7-də keçirilən təsis konfransında Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə AGF yenidən qurulub. İlk dövrdə AGF-in fəaliyyəti əsasən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikasını əhatə edirdi.

Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi idmanın bu növünün ölkəmizdə sürətli inkişafına və mühüm uğurların qazanılmasına imkan verib. İlk uğurlar özünü çox gözlətməyib. Təsis konfransından bir neçə ay sonra – 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi təşkil olunub. Sentyabrda isə Azərbaycanın bədii gimnastika tarixində ilk Olimpiya lisenziyası əldə edilib. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında Dinara Gimatova qazanıb.

Bundan sonra uğurların ardı-arası kəsilməyib. Belə ki, 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi təşkil edilib. Həmin il Afinada keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan gimnastikası ilk dəfə təmsil olunub. “Afina-2004” Olimpiya Oyunlarında Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə aparıb.

Növbəti il Azərbaycan Gimnastika Federasiyasının tarixində xüsusilə əlamətdar il olub. Bakıda üçüncü dəfə “A” seriyasına aid bədii gimnastika üzrə Dünya Kubokundan əlavə, ölkəmiz oktyabrda müstəqil Azərbaycanın tarixində və ümumiyyətlə, keçmiş SSRİ məkanında ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi edib.

2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yenidən AGF-in prezidenti seçiləsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verib. Bu mərhələdə Azərbaycan gimnastika idmanı üzrə nailiyyətlərlə yanaşı, yenidən mötəbər tədbirlərə ev sahibli etməyə başlayıb. Belə ki, növbəti il – 2007-ci ildə Bakıda ilk dəfə kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları, Bakıda ilk dəfə olaraq, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı təşkil olunub. Bu çempionatda gimnastımız Aliyə Qarayeva qızıl medal qazanıb. Gimnastlarımız komanda yarışında da uğur qazanaraq, mötəbər turniri bürünc medalla başa vurublar. Bu uğuru davam etdirən bədii gimnastlarımız 28-ci dünya çempionatında da komanda hesabında üçüncü yeri tutublar. Bu nailiyyətlə də millimiz “Pekin-2008” Olimpiya Oyunlarına maksimal sayda lisenziyanı təmin edib.

Nailiyyətlərlə məhsuldar olan 2007-ci il AGF üçün daha bir uğurla da yadda qalıb. Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi 2007-ci ilin idman yekunlarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ilin ən yaxşı komandası elan olunub.

2009-cu ildə Bakının ev sahibliyi ilə ikinci dəfə bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatında komanda hesabında iki gümüş, fərdi yarışlarda isə bir bürünc medal qazanılıb.

Azərbaycanın bədii gimnaslarının Avropa çempionatında ilk medalı 2010-cu ildə əldə olunub. Bremendə 26-cı Avropa çempionatında Aliyə Qarayeva çoxnövçülük yarışında bürünc medal qazanıb. Həmin çempionatda gimnastlarımız əlavə olaraq gümüş və bürünc medala layiq görülüblər.

2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım olub. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu möhtəşəm arena mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Bundan başqa, Milli Gimnastika Arenası möhtəşəmliyi ilə təkcə təlim-məşq toplanışına və yarışlara gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan idman həvəskarlarını da valeh edir.

2015-ci il AGF üçün xüsusilə əlamətdar olub. Azərbaycan gimnastları Bakıda keçirilən birinci Avropa Oyunlarının proqramına daxil olan gimnastikanın bütün altı növü üzrə yarışlarda uğurla mübarizə aparıblar. Oyunlarda Azərbayca gimnastları ümumilikdə 7 medal qazanıblar.

AGF-in prezidenti, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dövlətimizin başçısının Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi bu uğurların təntənəsi olub. Gimnastika üzrə əldə olunmuş nailiyyətlərə görə, həmçinin AGF-in vitse-prezidenti Altay Həsənov “Şöhrət” ordeni, Oyunlarda 5 medal qazanan Oleq Stepko “Şöhrət” ordeni, dörd idmançı “Tərəqqi” medalı, bir neçə məşqçi isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif ediliblər. Bu, Azərbaycan Prezidentinin ölkəmizdə gimnastikanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi idi.

2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.

AGF-in uğurları cari ildə də davam etdirilib. Bu ilin martında Azərbaycan Gimnastika Federasiyası üç il ərzində ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafata layiq görülən fərqlənən federasiyaların reytinq siyahısına daxil olub.

Federasiyanın prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edilib.

Bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları

bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanıblar. Bu, gimnastlarımızın bir turnirdə əldə etdikləri medal sayıa görə rekord göstəricidir.

Bütün bu uğurlar onu göstərir ki, AGF prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən 15 il ərzində federasiyaya rəhbərliyi, genişmiqyaslı fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, uğurlu beynəlxalq fəaliyyət və ən əsası parlaq nailiyyətlərlə müşahidə olunur. Bu uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına güclü inam yaradır.

DİGƏR Xəbərlər Arxiv