YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avad və sektor müdiri Frederik Lapeyre, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

Konfransı giriş sözü ilə açan S.Müslümov  vurğulayıb ki, Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər nəzərə alınmaqla reallaşdırılan islahatlar nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olub. Son 10 il ərzində ölkəmizin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artmış, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi  5 faiz səviyyəsində saxlanılmışdır: “Makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər Azərbaycan Hökumətinə əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş siyasi məqsədlərin reallaşdırılmasına imkan yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosial yönümlü dövlət proqramları gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılması və institusional islahatların davam etdirilməsi, iqtisadiyyatın müasir tələblərə cavab verən işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması, sosial dialoqun gücləndirilməsi, səmərəli sosial müdafiə sisteminin qurulması və ən əsası əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi istiqamətində ölkənin inkişaf prioritetlərini müəyyənləşdirmişdir”.

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası  nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Baş nazirin müavini əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsinin və qanuni mənafelərinin qorunmasının, işçilərin sosial müdafiəsinin gücləndirilməsinin bu siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Ə.Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-cı il 17 mart tarixli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də bu məqsədə yönəlib. Komissiyanın qarşısında duran əsas vəzifələrdən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır. Hər bir işçi işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb olunarkən ilk növbədə bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir. Əks halda qeyri-formal məşğulluq halı yaranır ki, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə  pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən, digər tərəfdən vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planının layihəsi hazırlanaraq, Komissiyanın iclasında təsdiq edilib. Eyni zamanda Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb. Ə.Əhmədov həmçinin əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və  onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə görülən işlərdən bəhs edib, sahibkarlarla görüşlər təşkil edildiyini, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib.

O, həmçinin pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərin, eyni zamanda “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunmasının digər mütərəqqi cəhətləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün stimullaşdırıcı rol oynadığını  da bildirib. Ə.Əhmədov hazırda keçirilən konfransın müvafiq sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mütərəqqi metodlar əsasında təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

   S.Mehbalıyev əmək bazarında inkişaf meyllərinə zidd olan qeyri-formal əməyə qarşı mübarizənin AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. O, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması prosesində həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində gördüyü işləri diqqətə çatdırıb. M.Musayev qeyri-formal əmək münasibətlərinin əmək məhsuldarlığının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına  maneə olmaqla, işəgötürənlərin iqtisadi mənafelərinə də ciddi zərbə vurduğunu önə çəkib. O, sahibkarlarla  aparılan işlərdə bu mövzunun həmişə diqqətdə saxlandığını qeyd edib. Formal məşğulluğun layiqli əməyin başlıca təminat forması olduğunu diqqətə çatdıran xanım A.B.Avad əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanda aparılan fəal dövlət siyasətinin BƏT tərəfindən rəğbətlə qarşılandığını,  ölkəmizdə bu sahədə görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu bildirib. 

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi təşviq etmək üçün Azərbaycanda aparılan siyasət, bu sahədə tənzimləyici hüquqi baza, fəaliyyət mexanizmləri, həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Verilmiş məlumatlar əsasında müzakirələr aparılıb.

Daha sonra xanım A.B.Avad qeyri-formal məşğulluq hallarının aradan qaldırılması və belə hallardan formal məşğulluğa keçidin asanlaşdırılması üçün rəhbər prinsipləri və siyasi təlimatları diqqətə çatdırıb. O, habelə BƏT-in 204 saylı Tövsiyəsinin vacibliyini vurğulayıb.

Tədbirdə BƏT-in mütəxəssisləri Frederik Lapeyre tərəfindən formal məşğulluqda müsbət təcrübələr və Fərid Heqazi tərəfindən müəssisələrin formalaşmasında uğurlu iş praktikaları və sosial dialoqun rolu, habelə AHİK və ASK nümayəndələri tərəfindən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid, sosial dialoq və konsensus quruculuğu üzrə Azərbaycan təcrübəsi barədə təqdimatların edilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.