YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistan XİN rəhbəri ilə görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər

Bakı Ankara və Tbilisini münaqişələrin həll olunması üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırıb.

Bunu bu gün Bakıda keçirilən brifinq zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə hər üç ölkənin yanaşması üst-üstə düşür: “Şübhəsiz ki, biz münaqişələrin diplomatik yolla həll olunmasının tərəfdarıyıq. Münaqişə məsələləri bütün beynəlxalq təşkilatlarda müzakirə olunur və fikrimcə, biz bu məsələdə əməkdaşlığı daha da genişləndirməliyik”.

E.Məmmədyarov qeyd edib ki, GUAM üzv ölkələrinin ərazilərindəki həll olunmamış münaqişələrlə bağlı məsələ BMT Baş Assambleyasının növbəti sessiyasının gündəliyinə çıxarılıb. Nazir əlavə edib: “Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi qərarın qəbul olunmasını tələb edir”.

Nazirin sözlərinə görə, onun Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü planlaşdırılır, amma görüşün dəqiq tarixi hələlik bəlli deyil: “Ola bilər ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutsun”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxil olub.