YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin 7 ayında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,8 min nəfərdən çox şəxs münasib işlərlə təmin edilib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının səmərəli məşğulluğunun təminatı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Ötən ay nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə əlavə olaraq 2 173 nəfər işsiz və işaxtaran vətəndaşın münasib işlərlə təminatı həyata keçirilib. Ümumilikdə  cari ilin yanvar-iyul aylarında Xidmət tərəfindən  35 827 nəfər şəxsin peşə və ixtisaslarına, habelə əmək vərdişlərinə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda vakant iş yerlərində məşğulluğu təmin olunub. Onlardan 8 922 nəfəri qadınlar, qalanları kişilərdir. Həmçinin yanvar-iyul aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərin 11 121 nəfəri gənclər olub.

Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 1400 nəfər işsiz və işaxtaran vətəndaşa fərdi təsərrüfatlarının qurulması, beləliklə, onların və ailə üzvlərinin özünüməşğulluğunun təmin olunması üçün aktivlərin (mal və materialların) verilməsi nəzərdə tutulub. Cari ilin fevral ayından bəri onlardan artıq  860  nəfərə əsasən kənd təsərrüfatı sahələri üzrə aktivlər təqdim olunub və hazırda da bu proses davam etdirilir.

Yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısa müddətli iş üçün müraciət edən 1 631 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

Qeyd olunan dövrdə nazirliyin xətti ilə 2 631 nəfər (o cümlədən nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 476 nəfər və yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 155 nəfər) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Əmək bazarının tələblərinə uyğun peşələr (əməliyyatçı mühasib, avtomobil təmiri üzrə çilingər, kompyuter istifadəçisi, qənnadçı, elektrik qaynaqçısı, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, dərzi və s.) üzrə təşkil olunan kursları bitirənlərə peşə sertifikatları verilib. 

Cari ilin 7 ayında Xidmətin xətti ilə 62 641 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Bu tədbirlər zamanı gənclərə əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib.