YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində nümunəvi şərait yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi - Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evləri fəaliyyət göstərir. Fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində bu günə olan məlumata əsasən, ümumilikdə 307 nəfər uşaq tam dövlət himayəsində yaşayır.

Nazirlikdən bildirdilər ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq evləri və internat evlərinə göstərdiyi diqqət və qayğı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin də həyatında çox böyük müsbət dəyişikliklər yaradıb.
Belə ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki internat evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait mövcuddur.
İnternat evləri uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Tibb otaqları müasir avadanlıq və dərman preparatları, idman zalları lazımi qurğularla təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu masaj, ayaqlar üçün elektrotrenajor və s. avadanlıqlar quraşdırılıb. Həmçinin uşaqlar üçün kompyuter, şahmat, dama, otaqları, onların ilkin yaradıcılıq məşğuliyyəti üçün mini emalatxanalar, valideynlərlə görüş otaqları fəaliyyət göstərir.
Hər iki internat evinin həyətində geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, əyləncə qurğuları, attraksionlar, uşaqların fantaziyasına uyğun müxtəlif lövhələr və s. quraşdırılıb. İnternat evlərində uşaqlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilib və hər bir qrupun ayrıca yataq və oyun otaqları vardır.
Uşaqların fitri istedad və bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif dərnəklərin də fəaliyyət göstərdiyi bu internat evlərində Mehriban xanım Əliyevanın “Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz” sözləri de-istitusionallaşdırma sahəsində görülən işlərdə əsas devizə çevrilib.
Cari ilin 6 ayı ərzində bu internat evlərindən 13 nəfər uşağın ailələrinə qovuşmasına nail olunub.