YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Murad Adıgözəlzadə: Qəbələ festivalı musiqimizin təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir

Builki Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngin idi. Hər gün keçirilən iki konsertdə fərqli musiqi əsərləri səsləndirildi. Açıq havada belə gözəl festival haqqında hələ çox danışılacaq.

Bu sözləri Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə deyib.

O, iyulun 29-dan avqustun 3-dək davam edən festival günlərində Qəbələdə böyük izdiham yaşandığını, xüsusi ab-hava hökm sürdüyünü bildirib: “Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olublar. Qəbələdə bu gözəl təbiət qoynunda dincələn yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək, dünya musiqi incilərini dinləyiblər. Buranın havası, təbiəti, xidmətləri turistləri valeh edib”.

Murad Adıgözəlzadə qeyd edib ki, ölkəmizin nüfuzunun formalaşmasında siyasət, idman, iqtisadiyyat və mədəniyyət əsas rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi vacib hadisədir.

“Dünyada getdikcə böyük şəhərlər festival paytaxtları statusunu tədricən itirir və bu yeri mənzərəli kiçik şəhərlər - sənət və təbiət gözəlliyinin uğurlu şəkildə uzlaşdığı məkanlar tutur. Qəbələ şəhərində artıq 9-cu ildir ki, keçirilən bu beynəlxalq musiqi festivalı buna əyani sübutdur. Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur. Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları dünyanın tanınmış musiqiçilərinin ifasında ölməz əsərlər dinləmək imkanı əldə edirlər. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edir. Hər gün keçirilən konsertlərdə biri-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri tamaşaçılara unudulmaz anlar bəxş edir. Bir sözlə, Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir”, - deyə Murad Adıgözəlzadə bildirib.