YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jara-2017” festivalının ilk günündə maraqlı qala-konsert təqdim olunub

İyulun 27-də axşam saatlarında Bakıdakı “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalı start götürüb.

Əvvəlcə qırmızı xalı üzərindən keçid olub. İlk olaraq xalı üzərinə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni EMİN övladları ilə birlikdə çıxıb. Daha sonra buradan Anita Tsoy və başqaları, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri ilə birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçiblər.

İfaçılar qırmızı xalı üzərindən keçərkən KİV nümayəndələrinin suallarını da cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdirib, Azərbaycan qonaqpərvərliyindən söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

“Jara-2017” Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və tamaşaçılara qala-konsert təqdim edilib. İlk olaraq EMİN, Ani Lorak və Valeriya “Bakıya qaçaq” mahnısını oxuyublar. Daha sonra EMİN və Qriqori Leps eyni səhnəni bölüşüblər. Onların ifaları hərarətlə qarşılanıb.

Sonra səhnəyə Valeriya, Emil Qədirov, Svetlana LOBODA, Timur Rodriges, Diana, Artur Pirajkov, Artik & Asti qrupu, Maks Barskix, Potap və Nastya, Azad Şabanov və başqaları çıxaraq 2017-ci ilin populyar hitlərini səsləndiriblər.

Festival iştirakçıları çıxışlarını başa vurduqdan sonra paytaxtımız, onun sakinləri, eləcə də mətbəximizlə bağlı təəssüratlarından danışıblar. Moskvanın sərin yayından sonra Bakının isti və mehriban qoynuna düşdüklərindən məmnunluqlarını ifadə edib, bu möhtəşəm festivala böyük həvəslə qatıldıqlarını vurğulayıblar.

Qala-konsertin aparıcıları Yana Çurikova və Andrey Malaxov idi.

Xatırladaq ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş musiqi proqramı təqdim olunacaq. Ertəsi gün “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

Festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Bu il festivalı 32 min tamaşaçı canlı izləyəcək.

DİGƏR Xəbərlər Arxiv